Velosiped idmanının trek növü üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Respublika Velotrekində velosiped idmanının trek növü üzrə ölkə çempionatı keçirilib.

İki gün davam edən yarışda müxtəlif klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.

Ölkə çempionatının proqramına əsasən, iştirakçılar 500 metr, 2 və 3 kilometr məsafəyə fərdi ötüşmə, həmçinin skretç növündə mübarizə aparıblar.

Qızlar arasında Ayan Xankişiyeva həm 500, həm də 2 kilometr məsafəyə fərdi ötüşmədə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

U-15 yaş kateqoriyasında çıxış edən Nikita Sitov 500 metr və 2 kilometr məsafələrə fərdi ötüşmədə birinci olsa da, 7 kilometr məsafəyə skretç növündə Kamran Mirzəxanovu özündən irəli buraxmaqla ikinci yeri tutub. U-17 kateqoriyasında Nəcəf Bağırov 500 və 2 kilometr məsafələrə fərdi, 7 kilometr məsafəyə skretç yarışında hamıdan güclü olub.

Gənclər arasında İvan Orlov 500 metr və 3 kilometr məsafəyə fərdi, 10 kilometr məsafəyə isə skretç yarışında Azərbaycan çempionu adını qazanıb.

Mükafata layiq yerlər tutmuş velosipedçilər diplom və hədiyyələr, həmçinin pul mükafat ilə təltif ediliblər.

Yığma komandamızın baş məşqçisi Aleksandr Averin bildirib ki, artıq mövsümə yekun vururuq və bu bizim cari ildə keçirdiyimiz son yarışdır. Azərbaycan çempionatının maraqlı edən daha bir məqam yarışın nəticələrinin Beynəlxalq Velosipedçilər İttifaqına (UCİ) göndərilməsidir. Yəni mükafata layiq yerlər tutmuş idmançılar bununla öz reytinqlərini xeyli artıracaqlar və bu da beynəlxalq yarışlarda iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır. Elə bunu nəzərə almaqla idmançıların bu yarışa necə önəm verdiyini hiss etmək çətin deyil.

Xəbər 646 dəfə oxundu.