Robert Prosineçki: Çexiya millisi ilə oyunda məqsədimiz sərfəli nəticə əldə etməkdir
Bizi seçmə mərhələnin sonuncu ev oyununda çətin rəqiblə qarşılaşma gözləyir. Çexiya millisi son matçlarda məğlub olsa da, texniki baxımdan güclü kollektivdir. Bu komandanın heyətində güclü futbolçular var. Onlar Avropanın güclü klublarının heyətlərində çıxış edirlər. Lakin məqsədimiz doğma meydanda keçirəcəyimiz sonuncu görüşdə yaxşı oyun göstərib sərfəli nəticə əldə etməkdir.

Bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığması ilə oyundan bir gün əvvəl – oktyabrın 4-də təşkil edilən mətbuat konfransında deyib.

Rəqibin oyun tərzini yaxşı təhlil etdiklərini vurğulayan xorvatiyalı mütəxəssis bildirib ki, Çexiya millisinin kifayət qədər güclü cəhətləri var. Rəqibin heyətində texnikalı futbolçular kifayət qədərdir və onların topla davranışları çox yaxşıdır.

Baş məşqçi start heyətdə Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ruslan Qurbanovun meydana çıxacaqlarını deyib. Bildirib ki, Maksim Medvedev və Araz Abdullayev zədəli olduqlarından qarşıdakı oyunlarda yığmaya kömək edə bilməyəcəklər.

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib: “Bizi ciddi rəqib gözləyir. Çexiya yığmasının son iki matçını izləmişik. Rəqib çox yaxşı formadadır. Çexiya millisi hazırda turnir cədvəlində qərarlaşdığı yerə layiq deyil. Çünki Şimali İrlandiyadan daha üstün oyun nümayiş etdirirlər. Biz də oyuna yaxşı hazırlaşmışıq. Sonuncu ev matçımızdır. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək”.

Çexiya ilə görüşdən sonra milli komandada karyerasını başa vuracağını deyən Rəşad Sadıqov bildirib ki, komandanın yeni kapitanı Rahid Əmirquliyev olacaq.

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Xəbər 347 dəfə oxundu.