“Qəbələ” klubu məşqlərini bərpa edib
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz”lə oyunundan (0:2) sonra istirahətə buraxılan “Qəbələ” məşqlərini bərpa edib.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlara Bakıda start verən “qırmızı-qaralar” günü iki məşqlə yekunlaşdırıblar. Səhər məşqində fiziki hazırlıq keçən komanda axşam toplu çalışmalara üstünlük verib.

Milli komandaların düşərgələrində olan futbolçular, həmçinin zədəli Filip Ozobiç məşqlərdə iştirak etməyib. Əvəzedici heyətin 6 oyunçusu əsas komandanın hazırlığına cəlb olunub. Bir neçə müddətdir Roman Qriqorçukun rəhbərliyi altında məşq keçən Ülvi İsgəndərovla yanaşı, Ülvi İbazadə, Tural Məmmərzayev, Rövlan Muradov, Amin Seydiyev və Hacıağa Hacılı da paytaxt hazırlığına qoşulublar.

Qeyd edək ki, “Qəbələ” oktyabrın 7-də “Neftçi” ilə yoxlama oyunu keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq görüş saat 16:00-da başlayacaq.


Xəbər 599 dəfə oxundu.