Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının açılış mərasimi olub
Oktyabrın 2-də Bakıda Ümumdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi keçirilib.

Əvvəlcə boksun tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, WBC-nin prezidenti Maurisio Süleyman, çempion boksçular, aidiyyəti idman qurumlarının təmsilçiləri iştirak ediblər.

Sonra Azərbaycanın dövlət bayrağı meydana gətirilib və dövlət himni səsləndirilib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirə dünyanın ən məşhur boksçularının qatıldığını vurğulayaraq, Konvensiyanın boksun inkişafına yeni təkan verəcəyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarına qatılıb və 1 medala sahib olub. Ötən il idmançılarımız Rio-de-Janeyroda təşkil olunan Olimpiadada 18 medal qazanıblar. Bu, Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.

“Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə irimiqyaslı yarışların təşkili üçün beynəlxalq standartlara cavab verən idman infrastrukturu var. Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və Bakı Olimpiya Stadionu möhtəşəmliyi ilə fərqlənir”, - deyə A.Rəhimov əlavə edib.

Azərbaycanın boks üzrə də mühüm nailiyyətlərinin olduğunu qeyd edən Azad Rəhimov Məhəmmədrəsul Məcidovun Almaniyada üçqat dünya çempionu adını qazandığını xatırladıb.

Sonra Konvensiyaya qatılan çempionlar təqdim edilib. Ardınca dünya çempionu Vitali Kliçkonun karyerasından bəhs edən qısa film nümayiş olunub.

V.Kliçko yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait var. O, idmana göstərdiyi qayğıya və Konvensiyanın yüksək səviyyədə keçirilməsində dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Azərbaycan gözəl ölkədir. Burada idman infrastrukturu beynəlxalq standartlara cavab verir. Ümid edirəm ki, Azərbaycan boksçuları WBC-də çempion olacaqlar. Çünki burada kifayət qədər peşəkar boksçular var”, - deyə V.Kliçko vurğulayıb.

Konvensiya digər təqdimatlarla davam edib.

Xəbər 1150 dəfə oxundu.