“Qarabağ” klubu çempionatın VII turunun sonuncu oyununda “Zirə” ilə heç-heçə edib
Oktyabrın 1-də “Qarabağ”-“Zirə” oyunu ilə Topaz Premyer Liqasının VII turuna yekun vurulub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesab açılmayıb. Oyunu baş hakim Rauf Cabbarov idarə edib.

Xatırladaq ki, tur çərçivəsində digər üç oyunun hamısında qonaq komandalar eyni hesabla qələbə qazanıblar. Belə ki, Gəncənin “Kəpəz” komandası səfərdə “Qəbələ”nin qapısından iki cavabsız top keçirib. “Neftçi” komandası isə “İnter”i oyuna iki dəfə mərkəzdən başlamağa məcbur edib. “Sumqayıt” klubu isə “Səbail” komandasının qapısına iki dəfə yol tapıb.

Yeddinci turda xal itirməsinə baxmayaraq, Ağdam təmsilçisi turnir cədvəlində liderliyi davam etdirir. “Qarabağ”ın aktivində 17 xal var. “Zirə” 16 xalla ikinci, “Qəbələ” isə 13 xalla üçüncüdür. Dördüncü sırada qərarlaşan “Sumqayıt”ın 10 xalı var. Digər yerlərdə isə müvafiq olaraq, “İnter” (8 xal), “Səbail” (6 xal), “Neftçi” (4 xal) və “Kəpəz” (4) komandaları qərarlaşıblar.

Xəbər 787 dəfə oxundu.