Dünya Boks Şurasının 55-ci konvensiyası Bakıda keçiriləcək
Oktyabrın 2-də Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci dünya konvensiyası işə başlayacaq. Bu mötəbər idman tədbirində 164 ölkədən 500-dək nümayəndənin iştirakı gözlənilir.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova sentyabrın 28-də mətbuat nümayəndələri üçün təşkil etdiyi brifinqdə məlumat verib.

S.Məmmədova bildirib: “Oktyabrın 6-dək davam edəcək tədbirdə WBC-ə üzv ölkələrin rəsmiləri, müvafiq federasiyaların rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionlar iştirak edəcəklər. Tanınmış idmançılar arasında Evander Holifild, Konstantin Tzyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin, Srisaket Sor Runqvisainin və digərlərinin adlarını qeyd etmək olar”.

Brifinqdə məlumat verilib ki, 55-ci dünya konvensiyasında WBC-nin prezidenti Maurusio Sulaimanın hesabat xarakterli çıxışı nəzərdə tutulub. Dörd günlük tədbirin birinci günündə Reytinq Komitəsinin və Hakimlər Şurasının qapalı iclasları keçiriləcək. Növbəti günlərdə isə dünya təsnifatları, icbari döyüşlərin təqvim planının işlənilməsi, tibbi heyət və hakimlər üçün seminarlar, qaydalara yenidən baxılması və əlavələrin edilməsi, eyni zamanda, müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulub. Bununla yanaşı, məşhur boksçuların kimsəsiz uşaq evinə baş çəkməsi də tədbirin proqramına daxildir. Şuranın toplantısı çərçivəsində Afrika Boks Cəmiyyəti, Şərqi və Sakit Okean Boks Federasiyası və Asiya Boks Şurasının görüşləri də təşkil olunacaq.

WBC 1963-cü ildə 11 milli boks təşkilatı - Argentina, Braziliya, Böyük Britaniya, Venesuela, Meksika, Panama, Peru, ABŞ, Filippin, Fransa və Çili tərəfindən yaradılıb. Məhəmməd Əli, Mayk Tayson, Nasim Hamed, Larri Holms, Lennoks Luis, Gennadi Qolovkin, Roy Cons, Floyd Meyvezer, Roberto Duran, Xulio Sezar Çaves, Konstantin Tzyu və digər dünya şöhrətli peşəkar boksçular WBC kateqoriyası üzrə çempion adını qazanıblar.

Xəbər 1258 dəfə oxundu.