Novruz Əzimov: “Ölkə kuboku böyük ümiddir” - MÜSAHİBƏ
“Bakı” klubunun baş məşqçisi Novruz Əzimovun apasport.az-a müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə o, komandasının ölkə kubokundakı imkanlarını dəyərləndirib və Unibank Premyer Liqasında vəziyyətdən danışıb:

- Azərbaycan kubokunun 1/4 final mərhələsində AzAL-la sabahkı cavab oyununa hazırlığınız necə gedir?
- Şükür Allaha, yaxşıdır. Bütün oyunlara olduğu kimi, bu matça da ciddi hazırlaşırıq. Bizim üçün AzAL-la cavab matçı çox vacib oyundur. Heyətimizdəki itkiləri nəzərə almasaq, kubok sınağına hazır çıxacağıq.

- Zədəli futbolçularla bağlı vəziyyət nə yerdədir? Aparıcı futbolçularınız Uinston Parksla Junior Vilson sabah meydana çıxa biləcəkmi?
- Junior oynaya bilər. Ancaq Parksın meydana çıxmağına cüzi ümid var.

- Yəni, çox güman oynamayacaq?
- Elədir. O, qış fasiləsindən sonra ilk oyunumuz olan “Qarabağ”a 0:3 hesabı ilə uduzduğumuz matçda əzələsini dartdı. Həmin oyunda meydanda çox qalmağı zədəsi ilə bağlı problem yaratdı. Digər zədəli futbolçularımız da var. Bunlar Nenad Kovaçeviçlə Elvin Əliyevdir.

- Elvin bu il meydana çıxmayıb. Onun zədəsi belə ciddidir?
- Bəli. Topuq oynağından cərrahiyyə əməliyyatı olunduqdan sonra evdə müalicə olunur. Onun yoxluğunun çətinliyini çəkirik və yerdəyişmələr etməklə, çıxış etdiyi müdafiənin sol cinahında başqa futbolçularımızı oynatmalı oluruq.

- Baş məşqçi postuna keçməyinizdən sonra komanda yaxşı təsir bağışladı və ardıcıl 2 qələbə qazandı. Bəs ötən tur “Qarabağ”a məğlubiyyət kubok öncəsi ruh düşkünlüyü yarada bilərmi?
- Çalışacağıq ki, bunun mənfi təsiri olmasın və komandanın əvvəlki ruhunu qaytaraq. Heyətimizdəki futbolçular səviyyəlidirlər və digər komandalardakılardan geri qalmır. Həlledici oyuna toparlanıb, sözümüzü deməyə çalışacağıq.

- “Bakı” hazırda 6-cı yerdədir və kubokla müqayisədə çempionatdan avrokuboklara çıxması daha çətin görünür. Bu mənada AzAL-la oyuna son şans kimi baxmaq olar?
- “Altılıq”da hələ 7 oyunumuz qalıb və mübarizə sona kimi gedəcək. Ancaq çempionata nisbətən kubokda şansın çox, Avropaya yolun qısa olduğunu demək olar. Ölkə kuboku böyük ümiddir, ancaq sonuncu ümid deyil.

- Komandanızda AzAL-ı sizdən daha yaxşı tanıyan ola bilməz. Hər halda, 5 il bu komandada məşqçi işləmisiniz. Rəqibi daha yaxşı tanıya bilməyiniz işinizə yaraya bilərmi?
- Bəli, bunun mənə xeyri dəyə bilər və komandamıza üstünlük verir. Ancaq belə götürəndə, hamı bir-birinin oyununu görür, güclü və zəif tərəfini bilir.

- İndiki AzAL-ı siz işlədiyiniz AzAL-la müqayisə edəndə, hansı nəticə çıxardırsınız?
- Onu deyim ki, AzAL heç bir komandadan geri qalmır. Təsadüfi deyil ki, “altılıq” təmsilçilərindən cari mövsümdə evdə “Neftçi”, “Qəbələ”yə, “Bakı”ya qalib gəlib. Rəqibimiz son illərdə sabit heyətə malikdir. Mən işlədiyim vaxtdakı futbolçuların çoxu yenə komandadır. Məndən sonra bir neçə futbolçu gəlib. Heyətində təcrübəli futbolçular var, uzun müddətdir bir yerdə oynadıqlarından meydanda yaxşı anlaşmaya malikdirlər. Yəni AzAL istənilən komandaya qarşı yaxşı oynaya bilər.

- Cavab matçının keçiriləcəyi Şüvəlandakı meydançanın qazonu sünidir. Komandamız isə ev oyunlarını təbii ot örtüklü meydançada keçirir. Sizcə, bu amil oyuna, nəticəyə təsir göstərə bilərmi?
- Təsir göstərməməlidir. Hər halda, futbolçular peşəkardırlar və meydana çıxıb, öz oyununu göstərməlidir.

- Bir amil də statistika ilə bağlıdır. Belə ki, “Bakı” indiyə kimi Şüvəlanda keçirdiyi oyunlarda uduzur. Özü də komanda ötən il istifadəyə verilən bu arenada keçirdiyi oyunda 0:1 hesabı ilə yenilib...
- Bunun da mənfi təsiri olmamalıdır. Hər halda, futbolda istənilən nəticə qeydə alınır. Hər bir uğursuzluğun bir sonu olmalıdır. AzAL-a 2 dəfə yenilməyimiz o demək deyil ki, 3-cü dəfə də uduzacağıq.

- İlk oyunda 3:1 hesablı qələbədən sonra komandanızı yarımfinala çıxmağa daha şanslı sayırsınız? Hər halda, komandanıza mərhələ keçmək üçün istənilən heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət də sərf edir...
- Bizim hesaba əsasən rəqibdən bir qədər üstünlüyümüz var. Ancaq bu, o demək deyil ki, hesabı qorumaq üçün bütün oyun boyu müdafiə olunacağıq. Futbolda həm hücumda, həm də müdafiədə oyun var. Hər 2-də bacarığımızı göstərib, uğurlu çıxış etməyə və bizə lazım nəticəni qazanmağa çalışacağıq.


Xəbər 1485 dəfə oxundu.