Qadınlar arasında voleybol üzrə Avropa çempionatı: Belarus millisi pley-offda Çexiyaya qalib gəlib
Sentyabrın 26-da Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində pley-off görüşlərinə start verilib.

Milli Gimnastika Arenasında günün ilk qarşılaşması Belarus və Çexiya voleybolçuları arasında keçirilib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda ilk set çexiyalı voleybolçuların qələbəsi ilə başa çatıb - 25:18. Çexiya millisi ikinci setdə də Belarus komandasının inadlı müqavimətinə baxmayaraq, 25:23 hesabı ilə üstün olub. Olduqca gərgin idman mübarizəsinin aparıldığı üçüncü seti Belarus yığması 27:25 hesabı ilə öz xeyrinə başa vurub. Belarus voleybolçuları dördüncü setdə də üstünlüyü əldən verməyərək 25:22 hesabı ilə qalib gəliblər. İnamlı oyunu ilə beşinci seti 17:15 hesabı ilə öz xeyrinə başa vuran Belarus millisi ümumi hesabda qalib gələrək (3:2) dörddəbir finala vəsiqəni təmin edib.

Belarus voleybolçuları dörddəbir final mərhələsində Serbiya kollektivi ilə qarşılaşacaq.

Xəbər 622 dəfə oxundu.