Branimir Subaşiç: “1:1 hesabı ədalətli nəticədir”
“Neftçi” penaltidən istifadə edə bilsəydi, hesab 2:0 olacaqdı. Matçın sonlarında isə 100 faizlik qol imkanı artıq bizdə idi. Ancaq Semedo bir neçə metrdən qapıya düşə bilmədi”. İdman.com.az saytı extratime.az istinadən xəbər verir ki, bu sözü “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiç deyib. Serbiyalı hücumçu Unibank Premyer Liqasının XXV turunun “Neftçi” ilə oyunu haqda fikirlərini açıqlayıb:

“Prinsipcə, hər 2 komandanın imkanları oldu və 1:1 hesabı ədalətli nəticədir. Lakin son dəqiqədə qələbə əldə etmək imkanını qaçırmaq üzücüdür. Gərgin oyun keçdi. Oyunçularımız çox qaçdılar, yoruldular. İlk hissədə küləyin istiqamətinə qarşı oynadıq. Fasilədən sonra isə külək “yatdı”. Belə olan halda, nə deyəsən?”

Subaşiç, komandadakı baş məşqçi dəyişikliyi və çempionluq şansından da danışıb: “Yeni məşqçi gələndə vaxt lazımdır ki, komanda uyğunlaşsın. Yunis Hüseynovu çoxdan tanıyıram. O, yaxşı insan və məşqçidir. Onun haqda nəsə pis deyə bilmərəm. Əvvəlki məşqçilərim kimi onunla da problemim yoxdur. Düşünürəm ki, məşqçi dəyişikliyi komandaya müsbət təsir etməlidir. 8 xallıq fərqi aradan qaldırıb, “Neftçi”yə çatmaq şansımız var. Bunun üçün çox şey özümüzdən asılıdır”.

Xəbər 1478 dəfə oxundu.