Klubların eniş-yoxuşlu yolu başlandı
“Qarabağ"la görüşlər görüləcək işlərin aynasına çevrilir

Milli futbol çempionatında Premyer liqa klublarının mübarizəsində hələ 6 tur oynanılıb. Lakin Azərbaycan çempionatı üçün bu, qət edilən kiçik dövr sayılmır. Çünki gələn tur birinci dövrəyə yekun vurulacaq. Bu mövsüm klubların rəqabətində bu yarış formatının mənfi cəhətlərinin təsiri daha çox hiss olunur. Komandalar buna alışa bilmir - nə uyğun bir yarış strategiyası, nə də oyun planı qura bilirlər. Bunun ən bariz nümunəsini isə "Zirə" göstərməyə başlayıb.

"Qarabağ" istisna olmaqla, mövsümə ən yaxşı hazırlıqlı olan "Zirə" komandasının artıq büdrəməyə və oyun dəst-xəttini itirməyə başlaması, ilk nöbədə, məhz 4-dövrəli formatın təsirlərindən irəli gəlir. Əlbəttə, komandanın məqsədli hazırlığını, məşqçi korpusunun buraxdığı səhvləri, məşqlərin fəlsəfəsindəki əyər-əskiklərin təsirini heç də azaltmaq lazım deyil.

"Zirə"də funksional hazırlıqda problemlər hələ "Neftçi" ilə görüşdə üzə çıxmağa başlamışdı. Komanda oyuna psixoloji cəhətdən yaxşı başlasa da, çevikliyin olmaması, hətta "Neftçi" kimi pərən-pərən bir kollektivlə görüşdə özünü büruzə verməyə başlamışdı. Deməli, kollektiv daxilində hələ ilk turlarda qeyd etdiyimiz məqamlara - ən azı, ikiplanlı oyun quruculuğuna indidən başlamaq lazımdır. Doğrudur, "Zirə" üçün bunu çempionat qarşılaşmalarında sınamaq bir qədər riskli olacaq: buraxılan hər səhv, itirilən hər xal komandanı əsas hədəflərdən uzaq sala bilər. Buna görə də hazırlıq qış fasiləsinə qədər hər komandaya görə qurulmalıdır.

Komanda ilk ciddi itkisini yarıcan "İnter"lə matçda verdi. Bununla da ehtiyatında bir oyun olan "Qarabağ" "Sumqayıt"ı məhz səviyyə fərqi ilə üstələyərək, vahid liderliyi ələ aldı. "Zirə"nin "beynəlmiləlçilər"lə görüşdə natamamlığı təkcə funksional hazırlıqda olmadı. Məşqçi korpusu oyunun gedişini dəyişə də bilmədi. Bunun üçün lazımi potensialı olan komandada bu enişin səbəblərini yəqin araşdırılmalı və qısa müddətdə nəticə çıxarılmalıdır.

"Qarabağ" özü erkən qollara meyilli olduğu halda, "Sumqayıt"dan bu zərbəni alsa da, özünü toparlaya bildi və deyə bilərik ki, Çempionlar Liqasının ikinci turu ərəfəsində yaxşı məşq də keçdi. Maraqlıdır ki, "Roma" ilə qarşılaşmada "Qarabağ"ın diqqət etməli olduğu bəzi məqamlar üçün bu matç sanki sınaq meydanı oldu. Məncə, Mahir Mədətovun iki qolu və oyunun məsafədən idarə olunması Ağdam klubuna "Roma"ya qarşı bəzi tədbirlər planın elementi ola bilər. Əlbəttə, rəqibləri, hələ üstəlik, "Sumqayıt"ı İtaliya təmsilçisi ilə eyniləşdirmirik. Amma oyun quruculuğu üçün bu qarşılaşmada əldə olunan taktiki plan "Roma" ilə matçda, epizodik olsa belə, təkrarlansa effekt verəcək.
Ümumiyyətlə, "Qarabağ"la görüşlər hər bir elita təmsilçimiz üçün görüləcək işlərin aynasına çevrilir. "Sumqayıt" da bundan öz dərsini alsa, daha da güclü ola bilər. Hərçənd bəzən kollektiv oyunun qarışıq bir mənzərəyə çevrilməsi, üstəlik, qapı və arxa xətdəki natamamlıq "Sumqayıt"a özünü tam göstərməyə mane olur. Buna görə də komandanın taktiki çiyliyi üzərində hələ xeyli iş görülməli, məşqçi korpusu əlində olan heyətin fərdi imkanlarını bir araya toplamağı öyrənməlidir.

Debütant mövsümdə ikinci qələbəsini də prinsipial rəqiblərindən biri üzərində qazanmaqla, qış fasiləsindən sonra cüddi komandaya çevrilmək şansı əldə edib. Əslində, "Kəpəz"in ötən mövsümdən özünü büruzə verməyə başlamış problemləri bu matçda "Səbail"in karına gəldi. Rəqiblər tam eyni səviyyədə, eyni problemlidirlər. "Səbail" elita üçün heyətinə yenidən əsaslı əl gəzdirdiyi üçün bu məsələni çox qabartmaq olmur. Məşqçi korpusu oyun quruculuğu elementlərini hələ indi-indi inkişaf etdirir. Bu mənada səbayıllılar qış fasiləsinə qədər dişəçəkilən olacaqlar. "Kəpəz"ə isə bu il autsayder olmamaq üçün artıq qəti qərarlar vermək zamanıdır. Amma komandanın problemlərinin nə ucu var, nə bucağı. Buna görə də komandaya qiymət vermək üçün ikinci dövrəni gözləmək lazım gələcək.

Nəhayət, "Qəbələ" ilə "Neftçi" - problemləri ilə bir-birindən çox uzaq, lakin yarış aurası baxımından bənzər fərqli qütblərdə olan iki kollektivin görüşü, çempionatın nə qədər zəif olduğunu bir daha əyani nümayiş etdirdi.

Bu iki komandanın yaxınlığına işarə olan məqamlardan ən əsası barədə söz açaq. Hər ikisi sanki özünü indiki heyəti ilə yenidən yığmağa cəhd edir. Bu mənada yeni sükançı ilə "Neftçi"nin vəziyyətini anlamaq olar. Lakin "Qəbələ"nin məşqçi korpusunun bəzi elementlərdəki dəyişikliyi hələ də effekt vermir. Komanda paytaxt təmsilçisini yalnız hazırlığının nisbətən üstün olmasının təziyiqi ilə qazandı. Halbuki bu matçda oyun planında "Qəbələ" rəqibindən bir deyil, bir neçə addım öndə olmalı idi.

"Neftçi" az da olsa, dəyişib. Lakin məşqçinin bu bataqlıqdan qış fasiləsinə qədər çıxmaq üçün planı yalnız futbolçuların istəyinə bağlı olacaq. Çünki komandada mövcüd münasibətlər fərqi oyunda da özünü kəskin büruzə verir. Belədə uğur yalnız təsadüf halında mümkündür. Bir sözlə, hələ də bu komandalar, xüsusən "Qəbələ" haqqında daha kəsərli sözlər işlətmək olmur. Bunun səbəbləri barədə, obyektivlikdən uzaqlaşmamaq xatirinə, yalnız hər turdan-tura danışmaq olar.


Xəbər 1617 dəfə oxundu.