Güləş üzrə hərbçilərin 32-ci dünya çempionatında on medal qazanan Azərbaycan komandası Vətənə qayıdıb
Beynəlxalq Hərbi İdman Şurasının (CISM) himayəsi altında Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında iştirak edən Azərbaycan yığma komandası sentyabrın 26-da Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilərin yaxınları, idmansevərlər gül-çiçək dəstələri ilə qarşılayıblar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı dünya çempionatında 4 qitəni təmsil edən 22 ölkədən 320-yə yaxın idmançı mübarizə aparıb. Dünya çempionatının sərbəst və yunan-Roma güləşi yarışlarında iştirak edən idmançılarımız 1-i qızıl, 3-ü gümüş və 6-sı bürünc olmaqla 10 medal qazanıblar. Azərbaycan yığmasının aktivinə qızıl medalı Qalib Əliyev yazdırıb. Sərbəst güləş üzrə Azərbaycan yığması komanda hesabında medalların sayına görə üçüncü olub və çempionatın kubokuna layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda isə komandamız 22 ölkə arasında dördüncü olub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxil olub.

Xatırladaq ki, komandamızı sərbəst güləş yarışlarında Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) təmsil ediblər.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxıblar.

Çempionatda qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) mübarizə aparıblar.


Xəbər 991 dəfə oxundu.