Boksçularımız Avropa birinciliyində iki bürünc medal qazanıblar
Bolqarıstanın Albena şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışda iki bürünc medal qazanıb.

Vaqif Kazımovun rəhbərlik etdiyi komandada Səlim Səlimov (63 kq) və Murad Allahverdiyev (75 kq) fəxri kürsüdə yer alıblar.

Səlim Səlimov Miçak Jarlinski (Polşa) və Elvin Əliyevə (Ukrayna) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ingiltərəli Cek Olifantla qarşılaşan boksçumuz finala adlaya bilməyib.

Murad Allahverdiyev isə moldovalı Pavel Platonu, belaruslu Denis Lapuşanskini və ermənistanlı Rafael Hovannisyanı mübarizədən kənarlaşdırıb. Azərbaycan təmsilçisi yarımfinalda bolqarıstanlı Daniel Lyubenov səddini keçə bilməyərək bürünc medalla kifayətlənməli olub.

Birincilikdə 32 ölkədən 260 boksçu qüvvəsini sınayıb.

Xəbər 1131 dəfə oxundu.