Ağır atletlərimizin Avropa birinciliyində uğurları davam edir
Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.

İdmançılarımızdan Elşən Məmmədov körpücük üzərinə çıxıb. O, yaşı 15-dək olan atletlərin 50 kiloqram çəki dərəcəsində yarışıb. Atlet birdən qaldırma hərəkətində 75, təkanla qaldırma hərəkətində isə 95 kiloqramı başı üzərinə qaldıra bilib. Cəmi 13 yaşı olan və bu Avropa birinciliyinin ən gənc atleti olan E.Məmmədov toplam 170 kq (75+95) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.

Körpücük üzərinə çıxan daha bir təmsilçimiz Səbinə Əzimova yaşı 17-dək olan qız atletlər arasında 53 kiloqram çəki dərəcəsində yarışa qatılıb. O, yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusu idi. S.Əzimova mübarizəsində birdən qaldırmada 78, təkanla qaldırmada isə 96 kiloqramı ram edib.

Toplam 174 kq (78+96) nəticə göstərən S.Əzimova 53 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz Landskrona və Novı Tomısldakı qızıl medalların sırasına Priştinadakı qələbəni də əlavə edərək Avropa birinciliyinin üç qat qalibi olub.

Xəbər 910 dəfə oxundu.