Bakıda “Mübarizlər” yarışının açılış mərasimi olub
Milli Olimpiya Komitəsinin (MOK), Fövqəladə Hallar (FHN), Gənclər və İdman nazirliklərinin dəstəyi və “Events Management Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq səviyyəli ekstremal idman turniri “Qəhrəmanlar Liqası” - “Mübarizlər” yarışının sentyabrın 23-də açılış mərasimi olub.

FHN-in Təlim-Tədris Mərkəzində keçirilən yarışın açılış mərasimində dövlət və hökumət rəsmiləri, müxtəlif idman qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Çingiz Hüseynzadə açılış mərasimində çıxış edərək bildirib ki, Rusiyada bir neçə dəfə keçirilən bu yarış artıq Azərbaycanda da təşkil olunur. İdmançılara və iştirakçılara uğurlar diləyən Ç.Hüseynzadə Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb.

Sonra “Mübarizlər” layihəsinin rəhbəri Elvin İsmayılov yarış haqqında ətraflı məlumat verib.

Layihənin müəllifi Kseniya Şoyqu yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb və buna görə təşkilatçılara minnətdarlığımı bildirib.

Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsindən sonra yarışa start verilib.

Diqqətə çatdırılıb ki, idman-sağlamlıq yönümlü “Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir. “Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatını təklif edir. Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma var. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.

Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət etməlidirlər. Daha sonra çempionat iştirakçılarını 10 kilometr uzunluğunda və 42 maneədən ibarət marşrut gözləyir. Yekunda ilk on yerin sahibi pul mükafatları ilə təltif olunacaq.

Xəbər 1067 dəfə oxundu.