Avropa çempionu olan gənc cüdoçularla görüş keçirilib
Sentyabrın 21-də Azərbaycan Cüdo Federasiyasında Sloveniyanın Maribor şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında böyük uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov gənc cüdoçuları təbrik edərək, onlara uğurlar arzulayıb. O, Azərbaycanın cüdo tarixində ilk dəfə millimizin komanda yarışlarında çempion olmasını xüsusi vurğulayıb.

Gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Elçin İsmayılov, Avropa çempionu Hidayət Heydərov onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. İdmançılarımız oktyabrda Xorvatiyada keçiriləcək dünya çempionatında da uğurlu çıxışlarını davam etdirməyə çalışacaqlarını diqqətə çatdırıblar.

Xatırladaq ki, Sloveniyada gənclər arasında cüdo üzrə Avropa çempionatında yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc qazanıb. Millimiz kişilərin yarışında medalların əyarına görə komanda hesabında birinci yeri tutub. Cüdoçularımız komanda yarışlarında da bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar.

Xəbər 619 dəfə oxundu.