Elxan Məmmədov: Biz gənc qızlarımıza böyük ümidlər bəsləyirik
“Futbol ölkəmizdə ən populyar idman növlərindən sayılır və biz daha bir futbol çempionatını təşkil edəcəyimizə görə həddən artıq qürurluyuq”. İdman.com.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, 17 yaşadək futbolçuların 2016-cı ildə Avropa çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərini açıqlayıb. UEFA-nın ölkəmizə göstərdiyi növbəti etimadı yüksək qiymətləndirən Məmmədov bildirib ki, hər şey yüksək səviyyədə olacaq: “Bizə çox xoşdur ki, ümid bəslənilən təşkilatıq və Avropanın əsas yarışını ölkəmizdə keçirəcəyik. Bu, ümummilli strategiyamızda daha bir həlledici məqamdır”.

Eyni zamanda Bakı-2020-nin Kommunikasiyalar üzrə rəhbəri olan Məmmədov bu ilin payızında ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinə də toxunub: “Biz gənc qız futbolçularla sentyabrda start götürəcək dünya çempionatına böyük ümidlər bəsləyirik. Gənc oğlanlarımız isə 2016-cı ildə Azərbaycan mədəniyyətinin əsl mənzərəsini, qonaqpərvərliyini və idman ruhunu bütün dünyaya göstərəcək. Biz birlikdə milyonlarla gənc idmançı oğlan və qızların imkanlarını nümayiş etdirmək, onları ruhlandırmaq, inkişaf imkanına malikik. Bununla da ölkəmizin idmançılarının əsl potensialını reallaşdırmağı təmin edə bilərik”.

Xəbər 966 dəfə oxundu.