Kikboksinqin “wako” versiyası üzrə Avropa çempionatında uğurla çıxış edən idmançılarımızla görüş keçirilib
Kikboksinq idmanının “wako” versiyası üzrə Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş gənclər və yeniyetmələr arasında Avropa çempionatında uğurla çıxış edən Azərbaycan idmançıları ilə görüş keçirilib.

Görüşdə iştirak edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev mötəbər turnirdə ölkəmizi uğurla təmsil edən idmançıları təbrik edib. Federasiya prezidenti ölkəmizdə idmanın digər növləri kimi, kikboksinqin də inkişafı üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb, qarşıdakı yarışlarda daha böyük uğurların qazanılması istiqamətində idmançılara tövsiyələrini verib.

Otuz iki ölkədən iki mindən çox idmançının qatıldığı Avropa çempionatında Azərbaycan 10 kikboksçu ilə təmsil olunub. İdmançılarımız çempionatda beş medal qazanıblar. Medallardan biri qızıl, ikisi gümüş, üçü isə bürüncdür. Qızıl medalı yığmamızın aktivinə full-kontakt yarışında 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd İmanov yazdırıb. Gümüş medallara Ramiz Nadirov (full-kontakt, 51 kq) və Orxan Məhərrəmov (lau-kik, 86 kq) sahib olublar. Bürünc medallara isə Elmir Qəşəmov (full-kontakt, 54 kq) və Elşad Şahlarov (lau-kik, 60 kq) layiq görülüblər.

Yığma komandamızı Avropa çempionatına baş məşqçi Hikmət Hacıyev və məşqçi Fuad Zeynalov hazırlayıblar. Komandaya Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov rəhbərlik edib.

Xəbər 1974 dəfə oxundu.