Mira Qoluboviç finala şərh verdi
““Fənərbağça” “dördlər finalı”nın əsas favoriti idi. Buna görə də nəticə qanunauyğundur”. İdman.com.az saytının məlumatına görə, bunu “Rabitə”nin aparıcı üzvü Mira Qoluboviç deyib.
Təcrübəli voleybolçu Bakıda keçirilən Avropa Çempionlar Liqasının “dördlər finalı”nın oyunlarını şərh edib. O, Rusiya mətbuatına verdiyi açıqlamasında bildirib ki, “sarı-lacivərdlilər” layiq olduğu çempionluğu qazanıb:

“Oyunun təşkili top qəbulundan başlayır və bu komponentdə Türkiyə təmsilçisi bütün rəqiblərindən üstün oldu. Hücumda isə “Fənərbaxça”nın variantı çox idi. Onlar yalnız “Kann”ı qiymətləndimədiyi halda uduza bilərdilər. Lakin çox təcrübəli Lyubov Sokolova, Loqan Tom və Fabiana bu cür səhvə yol vermədilər. Finalda “Kann”ın şansı demək olar ki, yox idi. Lakin yarımfinala görə Fransa komandası tərifə layiqdir. “Kann”ın əsas silahı sürətli, kombinasiyalı oyundur.

Amma “dördlər finalı” ərəfəsində onların əsas tamamlayıcı oyunçusu Anna Spasoyeviç zədələndi. Bu zaman dərhal belə bir sual yarandı ki, onlar top qəbulunda səhvsiz oynaya biləcəklərmi, hücumda sadə oyuna keçməyəcəklərmi, bu cür matçlarda oyun təcrübəsi olmayan Tatyana Kozlova və Tina Samets yükləməyə dözəcəklərmi? “Kann” yarımfinaldakı oyunu ilə bütün şübhələri alt-üst etdi”.

Serbiyalı legioner bürünc mükafatçı Kazanın “Dinamo” klubu ilə bağlı da fikir bildirib: “Yarımfinalda məğlubiyyətdən sonra yeni savaşa köklənmək çox çətindir. Belə təsəvvür yarandı ki, “Dinamo” İtaliyanın “Villa Kortese” klubundan bürünc medala daha çox iddia edirdi. Oyuna daha yaxşı köklənmişdi. Kazan təmsilçisi top qəbulunda etibarlı oynadı, Cordan Larson hücumda Yekaterina Qamovaya yaxşı kömək etdi. Mariya Borisenko və Reqina Maroz blokda inamlı çıxışı ilə fərqləndilər. Lakin üçüncü setdə onların bir neçə səhvi “Villa Kortesi”yə nəfəs verdi. Bu çox təhlükəli an idi, İtaliya komandalarına bir şans da kifayət edir. Amma intriqa uzun sürmədi və “Dinamo” vaxtında rəqibin fəallığının qarşısını aldı”.
Qeyd edək ki, “Rabitə” 1/4 finalda Çempionlar Liqasının qalibi olan “Fənərbağça”ya uduzmuşdu.

Xəbər 1060 dəfə oxundu.