«Neftçi»nin yeni, «Qəbələ»nin köhnə sükançısı dilemma qarşısında
Milli futbol çempionatında əvvəldən gözlənilən təxirə salınmış oyunla ilk yarımçıq tur keçirildi. Fürsətdən faydalanan «Zirə» ən prinsipial rəqiblərindən biri ilə səfərdə «sülh paktı» bağlayıb, o birindən önə çıxmaq imkanə əldə etdi və vahid liderliyə yüksəldi.

Əslində, Qəbələdəki matç mövsümün ikinci tapmacasının yozulması baxımından böyük əhəmiyyət kəsb edirdi. Oyunun yekunu isə belə oldu: «Qəbələ»də sular hələ durulmayıb. Komandanın sükançısı artıq dilemma qarşısındadır. Ya köklü oyun dəyişikliyi etməli, ya da artıq neçənci mövsümdür davam edən sabit, lakin durğun oyunla bağlı qəti qərarını verməlidir. Əlbəttə, komandanın mövsüm ərəfəsi yenidən qurulmasına bənzər hadisələrin bir daha cərəyan etməsi növbəti quruculuq prosesini başlayıb. Lakin mövsümün yay dövründə səmərəli təlim-məşq üçün təbii püşkatma şəraitinin yaranması, Avropa kuboklarının özü optimal hazırlıq üçün yetərli olmayıbsa, vəziyyətin bir o qədər də sadə olmadığı aşkardır. Əslində, köklü islahatlara başlamaq üçün elə bir səbəb görünmür. Çünki ara-sıra komandanın oyununda qığılcım hiss olunur. Fəqət ölkə çempionatında çempionluğa iddialı sayılan komanda üçün bu yetərli deyil. İlk baxışda, klubun problemlərinin səbəbləri çox dərində deyil. Elə «Zirə» ilə görüşdə bunu əyani görmək olurdu. Bu mənada «Zirə» özü hətta Avrokubok dövründən də bir qədər irləi gedib və bişmiş komandaya çevrilməkdədir. Hətta bir qədər vəziyyət düzgün qiymətləndirilsəydi, Bakı klubu bu vacib səfərdə qələbəyə ümid edə bilərdi. Əvvəlki dövrlərə nəzərən, oyunun əsas yükünün orta zonaya yönəldilməsinə nail olmuş «Zirə» üçün indi mühüm məsələ, heç olmazsa, ikiplanlı oyun xəttinə nail olmaqdır. Bu da baş verərsə, komandanın inkişafından bəhs etmək olacaq.

Günün məsələsi artıq bir ildən artıqdır ki, mütəmadi olaraq, «Neftçi» ilə bağlı olur. Dünən komanda Tərlan Əhmədova tapşırılıb. AZAL-da məhdud imkanlar hesabına mübariz kollektiv qura bilmiş mütəxəssis üçün indi ondan da çətin və məsul vəzifə «Neftçi»nin ipini yığmaq olacaq. Çünki AZAL-ın aqibəti bəlli idi. «Neftçi» isə tam fərqli səviyyənin komandasıdır. «Ağ-qaralar» elə «Sumqayıt»la oyunda göründüyü kimi, sadəcə, futbolçular yığnağına çevrilib. Nəyisə ərsəyə gətirmək üçün, ən azı, qış fasiləsinə qədər çox zəhmət çəkmək lazım gələcək. Əlbəttə, çox şey komanda daxilində ab-havadan asılı olacaq. Məşqçiyə tam səlahiyyət

verilməsə, yəqin ki, bu dəfə də yalnız cüzi və müvəqqəti irəliləyişdən uzağa getmək mümkün olmayacaq. Hər halda yaxın bir neçə tur komandada vəziyyətə aydınlıq gətirəcək. Hərçənd onu da etiraf etmək olar ki, elə «Sumqayıt»la qarşılaşmada da oyun elementində hələ «ağ-qaralar»ın ümidlərinin tam itmədiyini sezilirdi.

Ümumən, ötən tur autsayderlər və iddialılar baxımından ilk təhlillərə başlamaq üçün münbit zəmin yaradıb və qarşıdakı həftələrdə onlardan söhbət açacağıq.

Xəbər 1630 dəfə oxundu.