Azərbaycan şahmatçıları Avropa birinciliyində irəlidədirlər
Rumıniyanın Mamaya şəhərində şahmat üzrə Avropa birinciliyinin altıncı turunun görüşləri keçirilib.

Altı turdan sonra Azərbaycan təmsilçiləri – FIDE ustası Gövhər Beydullayeva və ustalığa namizəd Aydın Süleymanlı öz yaş qrupları cədvəlində birinci yerdədirlər.

On iki yaşınadək oğlanların qrupunda A.Süleymanlı 5,5 xalla polyak şahmatçı Yakub Çizi ilə 1 və 2-ci yerləri bölüşür. On dörd yaşınadək qızların qrupunda Gövhər Beydullayeva eyni miqdarda xalla ukraynalı Mariya Berdniklə 1 və 2-ci yerləri bölüşür.

Ustalığa namizəd Read Səmədov 5 xal toplayaraq 10 yaşınadək oğlanların qrupunda 2-9-cu yerləri bölüşür. Bu qrupda 5,5 xal toplamış italiyalı Mark-Andria Maurissi liderlik edir.

Rusiyalı şahmatçı Veronika Şubenkova 10 yaşınadək qızların qrupunda liderdir. Dörd şahmatçı, o cümlədən Azərbaycan nümayəndəsi Səmra Qasımova ondan bir xal geri qalır.

Bu gün yarışların yeddinci turu keçiriləcək. Sentyabrın 14-də birinciliyə yekun vurulacaq. İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarətdir.

Xəbər 1174 dəfə oxundu.