Xəyal, arzu və xülya haqqında bir neçə kəlmə
Həyəcan belə başlanır

Bu gün Avropada, əslində, bütün dünyada ən böyük müntəzəm futbol bayramı, futbol həyəcanı – UEFA Çempionlar Liqasının növbəti mövsümü başlanır. Nəhayət ki, çoxdan gözlənilən həyəcanla Azərbaycan klub futbolu da bu yarışda debütünü edəcək və «Qarabağ» bu siftəni qitənin ən nüfuzlu futbol ölkələrinin təmsilçiləri ilə üz-üzə gələrək edəcək. Başlanğıc isə Londonda olacaq.

Əlbəttə, hər azarkeşin öz fikri-düşüncəsi var. Fanatlar üçün «Qarabağ» bu matçdan üzüağ çıxacaq, bədbinlər üçün böyük hesablı məğlubiyyət olacaq. Lakin necə deyərlər, top yuvarlaqdır, meydan düz, ilk dəqiqələrin hiss-həyəcanı olmasa, «Qarabağ» bu matçda çox şeyə nail ola bilər. Ən əsası, necə bitəcəyindən asılı olmayaraq, bu gün yeni tarixin ilk sətirlərinin yazılacağı həqiqətdir. Vaxtilə «Turan»ın Avropa arenasındakı həyəcanı ilə də bunu müqayisə etsək, bənzər ovqatdan, həyəcandan bəhs edə bilərik. Amma o vaxt hamı bilirdi ki, bu baş verməlidir. Çempionlar Liqasına isə düşmək üçün yalnız mübarizə aparmaq lazımdır və bu an 20 ildən sonra yetişdi.

1997-ci ildə «Neftçi» Polşa «Vidzev»i ilə görüşəndə, hələ xatirələri bir o qədər də canlandırmaq olmurdu. Lakin bu həsrətin 20 ildən sonra bitəcəyini o vaxt təsəvvür etmək olmurdu. O vaxt xəyal idi, sonra arzu oldu, bir az da davam etsəydi, lap xülyaya çevriləcəkdi. Artıq tarix yeni hesab sayğacını açır. Onun davamlı olması isə AFFA-nın bundan sonrakı fərasətindən, futbola qoyacağı gücdən, futbola potensial yatırımından asılı olacaq.

«Qarabağ»dan isə nə möcüzə gözləyirik, nə də əlahiddə nəticələr. Komanda layiqli çıxış etsə, bəlkə haradasa Avropa Liqasında 3 il ərzində əlinin yetib, ününün çatmadığı pley-off mərhələsində mübarizə aparmaq üçün gücünün çatacağına inansa, bizim üçün yetərli olar. Obyektiv hədsiz güclü və elə sadəcə, ənənələrinin gücünə inanıb «Qarabağ» istənilən meydanda məğlub edə biləcək rəqiblər arasında sensasiya törətmək əsl möcüzə olacaq. Bu klubların hər birinin futbolçu şkalası ilə gücü də «Qarabağ»dan qat-qat üstündür. Amma düz meydanda topun sehri ilə bizlər də hələlik qələm meydanını azarkeş ovqatının seyrinə təhvil verək və belə deyək:

- İndi bizim üçün Çempionlar Liqasında mərhələ aşmaq xəyaldır, Avropa Liqasının pley-offuna düşmək arzudur, Çempionlar Liqasının qalibi olmaq xülya. Kim bilir, bəlkə bir gün bu sətirlər də başqa sözlərlə ifadə edildi. Onun üçün daha 20 il gözləyək, az gedək-çox gedək, dərə-təpə düz gedək, ən əsası, ümid edək, inanaq və deyək ki, bir gün bunlar da həqiqətə çevriləcək.

Xəbər 1981 dəfə oxundu.