Bu həftə Türkmənistan paytaxtında 5-ci Asiya Oyunları başlanır
Sentyabrın 16-da Qapalı məkanlarda və döyüş sənətli üzrə V Asiya Oyunlarına start veriləcək. Azsport.az AZƏRTAC-a istinadən xəbər verir ki, elə ilk gündə ənənəvi güləş və ciu-citsu üzrə medalların ilk dəsti oynanılacaq, sentyabrın 17-də isə Oyunların açılış mərasimi keçiriləcək.

Dünyanın əhalinin ən sıx yaşadığı qitəsində belə irimiqyaslı idman tədbirinin - “Aşqabad-2017” Oyunlarının keçirilməsi ilə bağlı faktlar və rəqəmlər, habelə Asiya və Okeaniya ölkələrindən olan idmançıların yerləşdirilməsi məqsədi ilə görülən hazırlıq işləri hamını təəccübləndirməyi vəd edir.

“Aşqabad-2017” Oyunları ilə bağlı ən maraqlı faktları diqqətinizə çatdırırıq:

Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 nümayəndə heyəti, habelə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası;

“Aşqabad-2017” Oyunlarına qatılan komandaları təmsil edən 6 min idmançı və nümayəndə;

Oyunlar zamanı İdmançılar kəndində 140 min kiloqramlıq yemək hazırlanacaq;

“Aşqabad-2017” Oyunlarının proqramına qurşaqtutmadan başlamış velosiped idmanınadək 21 idman növü, o cümlədən dörd Olimpiya idman növü daxil edilib;

Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olacaq, mükafatlı yerlər tutmuş idmançılara 1844 medal təqdim ediləcək;

Oyunlar 1,5 kvadratkilometr ərazini əhatə edən Aşqabad Olimpiya Şəhərciyində yerləşən 15 obyektdə, o cümlədən müasir standartlara cavab verən 13 yeni ultramüasir və əsaslı şəkildə yenidən qurulmuş 2 qurğuda keçiriləcək;

45 min yerlik əzəmətli Aşqabad Olimpiya Stadionu;

“Aşqabad-2017” Oyunlarının proqramına daxil edilmiş 220 yarış sessiyası üçün 700 min bilet;

Oyunların açılış və bağlanış mərasimlərinə 7 min iştirakçı və təşkilatçı cəlb olunub;

“İlk ulduzlar” proqramının 8 min könüllüsü və 20 mindən çox əməkdaş Qapalı məkanlarda və döyüş sənəti üzrə V Asiya Oyunlarında çiyin-çiyinə çalışacaq.

Bütün bu rəqəmlər dünya əhəmiyyətli bu idman hadisəsinin miqyasından xəbər verir. “Aşqabad-2017” Oyunlarının startına beş gün qalır və bütün dünya intizarla həmin Oyunları gözləyir.

Xəbər 834 dəfə oxundu.