“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib
Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.

Ağdam təmsilçisinin sentyabrın 12-də qrup mərhələsi çərçivəsində Londonda səfərdə oynayacağı “Çelsi” klubu İngiltərə Premyer Liqasında “Lester”lə üz-üzə gəlib. “Çelsi” 2:1 hesabı ilə səfərdə rəqibinə qalib gələrək aktivinə üç xal əlavə edib. Hazırda dörd oyundan sonra doqquz xal toplayan “Çelsi” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Azərbaycan çempionunun qrup mərhələsindəki digər rəqibinin - İspaniyanın “Atletiko Madrid” komandasının səfərdə “Valensiya” ilə görüşü heç-heçə yekunlaşıb. Üç oyundan sonra beş xala malik “Atletiko Madrid” İspaniya La Liqasında beşinci sırada qərarlaşıb.

“Qarabağ” klubunun qrup mərhələsində öz meydanında sentyabrın 27-də Bakıda qarşılaşacağı İtaliyanın “Roma” komandasının “Sampdoriya” ilə səfər matçı isə əlverişsiz hava şəraiti ilə əlaqədar başqa tarixə təxirə salınıb. Hazırda iki oyundan sonra üç xala malik “Roma” İtaliya çempionatında 10-cu yerdədir.

Xəbər 754 dəfə oxundu.