Əhməd Abdulkərimov: “İnanıram ki, idmançılarımızın səsi daha yüksəklərdən gələcək”
Ölkəmizdə idmana yüksək səviyyədə göstərilən diqqət və qayğının nəticəsidir ki, təmsilçilərimiz Olimpiya Oyunlarında, dünya və Avropa çempionatları kimi mötəbər yarışlarda uğurla çıxış edir, vətənə medallarla qayıdırlar. Avqusun 28-dən sentyabrın 2-dək Ukraynanın Koblevo şəhərində 28 ölkə arasında universal döyüş üzrə keçirilən qitə çempionatında da idmançılarımız uğurlu çıxışları ilə yadda qaldılar. Onlar bu mötəbər turnirdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq Avropa ikincisi oldular. Federasiyada həyata keçirilən yeniliklər, əldə olunan uğurlar barədə daha ətraflı məlumat üçün Universal Döyüş Federasiyasının vitse prezidenti Əhməd Abdulkərimovla görüşdük.

- Əhməd müəllim, Avropa Çempionatında idmançıların əldə etdiyi uğurlar bu idman növünün inkişaf etdiyini göstərdi.

- Bəli, son qitə çempionatında klubun idmançıları onlara bəslənən ümidləri doğrultdular və universal döyüş idman növünün inkişaf etdiyini sübut etdilər. Gənc nəsil arasında bu idman növünün ölkəmizdə tanınması və inkişafı bizim işimizin əsasını təşkil edir. Bildiyimiz kimi, dövlətimiz uşaq və gənclərin fiziki və mənəvi inkişafına böyük diqqət göstərir. Ölkəmizdə idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Əgər məşq etmək, yarış keçirmək üçün kifayət qədər yer varsa idmanda uğurlar da qazanılmalıdır. Federasiyamızda bunun üçün hər cür şərait yaradılıb.

- Qeyd etdiniz ki, idmançılar onlara bəslənən ümidləri doğrultdular. Əldə olunan nəticələrdən razısınızmı?

- Əlbəttə. Qitə çempionatında böyüklər arasında Nicat Əliyev (75 kq, layt və klassik versiyalarda), Səlim Salmanov (90 kq, layt versiya) və Tahir Məsimov (95 kq, layt versiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Xarici ölkədə dövlət himnimizin səsləndirilməsi çox qürurvericidir. Bu tək idmançıların deyil, təbii ki, bizlərin də uğuru idi. Bu münasibətlə ilk öncə başda federasiyanın prezidenti Azər Həsənov olmaqla, federasiyanın üzvləri Elçin İsmayılovu, Bəhruz İbrahimovu və bütün Universal Döyüşçülər ailəsini təbrik edirəm. İnanıram ki, bundan sonrada uğurlu çıxışlarımız davam edəcək. İnanıram ki, Avropada və dünyada iştirak edəcəyimiz yarışlarda bayrağımızın qaldırılmasına daha çox nail olacağıq.

- Sizcə, universal döyüş idman növünün daha da inkişafı üçün hansı tədbirlərin görülməsi məqsədəuyğundur?

- Düşünürəm ki, beynəlxalq səviyyəli yarışların paytaxtımızda keçirilməsi əsas amillərdən biridir. Bu ilk növbədə ölkədə bu idmanın kütləvi inkişafına təkan verəcək. Yarışlardan əldə olunan uğurlar gənclər arasında istər-istəməz ruh yüksəkliyi yaradacaq və meyllənmələrinə təkan yaradacaq. Artıq federasiyaya yeni idmançılar cəlb edilib, yeni yarışların keçirilməsi gözlənilir.

- Yaxın vaxtlarda universal döyüşçülərimizi hansı yarışlar gözləyir?

- Noyabr ayında Ulu Öndərin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Turnirdə Türkiyə, Gürcüstan, Ukrayna, Bolqarıstan idmançıları iştirak edəcəklər. Yarışda 51 kq-dan 90 kq-dək idmançılar çıxış edəcəklər. Onlar hər çəkidə 2 nəfərlə mübarizə aparacaqlar. Ümid edirəm ki, bu dəfə də istədiyimiz nəticələri əldə edəcəyik.

- İdmançılara arzularınız.

- İnanıram ki, idmançılarımızın səsi daha yüksəklərdən gələcək. Onları gələcəkdə Avropa və dünya çempionları görmək istərdim.




Xəbər 2303 dəfə oxundu.