Yeniyetmə güləşçilərimizdən növbəti uğur
Macarıstanın Doroq şəhərində yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnirə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, 2012-ci il üçün nəzərdə tutulan təqvim planına əsasən milli komandanın üzvləri bu turnirdə iştirak ediblər.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi ilə yarışda 11 idmançımız mübarizə aparıb. 16 ölkədən 170 güləşçinin iştirak etdiyi rəqabətdə pəhləvanlarımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.

Baş mükafatları yığmamıza Mikayıl Rəhmanov (46 kq), Elnur Həsənov (50 kq), Kərim Cəfərov (54 kq) və Ruhin Mikayılov (63 kq), gümüş medalları isə Sənan Süleymanov (42 kq), Cavid Ələkbərzadə (58 kq), Şəmistan Quluzadə (69 kq) və Elməddin Ramazanov (76 kq) gətiriblər. Elgün Hüseynov (42 kq) və Sadiq Bağırov (69 kq) bürünc medalla, Hikmət Ağayev (50 kq) isə beşinci yerlə kifayətlənib.

Komanda hesabında Macarıstan 1-ci, Azərbaycan 2-ci, Ukrayna 3-cü olub. Yarışda uğurla çıxış edən komandamızın üzvləri aprel ayının 2-nə qədər Macarıstan yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq.

Xəbər 1001 dəfə oxundu.