Azərbaycan qrossmeysterləri Dünya Kuboku uğrunda mübarizəni davam etdirirlər
Gürcüstanın paytaxtı Tbilisidə 2017-ci ilin Dünya Kuboku uğrunda turnirin birinci raundu Azərbaycan şahmatçıları üçün çox uğurlu olub.

İki əsas partiyanın yekunlarına əsasən Azərbaycanın hər iki nümayəndəsi növbəti mərhələyə keçib. Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov fəxri mükafat uğrunda mübarizəni davam etdirəcəklər.

Bu gün ikinci raundun ilk oyunları keçiriləcək. Dünya Kubokunun 1/32 finalında Şəhriyar Məmmədyarov qara fiqurlarla, Teymur Rəcəbov ağ fiqurlarla oynayacaq. Məmmədyarovun rəqibi ukraynalı Yuri Kuzubov olacaq, Rəcəbov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşacaq.

Xatırladaq ki, birinci partiyadan sonra Azərbaycan qrossmeysterlərinin hərəsi 0,5 xal toplayıb.

Şahmat üzrə Dünya Kuboku ilk dəfə 1997-ci ildə Qroningendə keçirilib. Əvvəllər “nokaut sistemi üzrə dünya çempionatı” adlanan bu turnir iki ildə bir dəfə keçirilir. Ona indiki ad 2000-ci ildən sonra verilib.

Şahmat üzrə Dünya Kuboku nokaut sistemi üzrə keçirilir. Bu o deməkdir ki, rəqiblər iki klassik partiyada bərabər sayda xal toplamış olduqda onları tay-breyk, yəni rapid, blits və zəruri hallarda “armageddon” gözləyir. Finalda 4 klassik partiya oynanılır.

Turnirin qalibi və finalçısı 2018-ci ildə iddiaçıların turnirinə vəsiqə alacaqlar. Tbilisidə keçirilən Dünya Kubokunun mükafat fondu 1 milyon dollara yaxındır.

Xəbər 581 dəfə oxundu.