Növbəti ildən güləşçilər yeni çəki dərəcələrində mübarizə aparacaqlar
Ötən həftə Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatı zamanı Dünya Güləş Birliyi İdarə Heyətinin növbəti toplantısı təşkil olunub.

Toplantıda güləş ictimaiyyətini maraqlandıran bir sıra məsələlər müzakirə olunub və qərarlar qəbul edilib.

Müzakirə edilən məsələlərdən ən başlıcası çəki dərəcələrində edilən dəyişikliklər olub. Belə ki, Dünya Güləş Birliyinin yeni qərarına əsasən, böyüklər yaş kateqoriyasında çəki dərəcələrinin sayı 8-dən 10-a artırılıb. Olimpiya çəki dərəcələrinin sayı isə 6 olaraq qalıb. Beləliklə, 2018-ci ilin yanvarın 1-dən etibarən təqvim planı üzrə bütün güləş yarışları dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək.

Yeni qaydalara görə, sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97, 125 kiloqram, yunan-Roma güləşçiləri 55, 60, 63, 67, 72, 77, 82, 87, 97, 130 kiloqram, qadın güləşçilər isə 50, 53, 55, 57, 59, 62, 65, 68, 72 və 76 kiloqram çəki dərəcəsində yarışacaqlar.

Gənclər və U-23 yaş kateqoriyasında olan güləşçilər də bu çəki dərəcələrində mübarizə aparacaqlar. Yeniyetmələr və azyaşlı yeniyetmələrin çəki dərəcələri ilə bağlı qərar isə yaxın günlərdə qəbul ediləcək.

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında güləşçilər 6 çəki dərəcəsində mübarizə aparacaqlar. Sərbəst güləşçilər Olimpiadada 57, 65, 74, 86, 97, 125 kiloqram, yunan-Roma güləşçiləri 60, 67, 77, 87, 97, 130 kiloqram, qadın güləşçiləri isə 50, 53, 57, 62, 68 və 76 kiloqram çəkidə xalça üzərinə çıxacaqlar.

Bundan başqa müzakirə olunan güləş qaydalarında bəzi dəyişikliklər təsdiqlənib. Belə ki, bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan qayda dəyişikliyi 2018-ci ilin yanvarın 1-dən bütün yaş kateqoriyalarında tətbiq ediləcək. İkinci yarış günündə normadan 2 kiloqram artıq çəkidə güləşməyə icazə verilməsi isə yalnız 2018-ci ildə keçiriləcək yarışlarda tətbiq olunacaq. 2019-cu ilin yanvarından etibarən isə normadan artıq çəkidə güləşməyə icazə verilməyəcək.

Xəbər 651 dəfə oxundu.