Çempionlar Liqasında ilk Azərbaycan klubu
"Qarabağ" futbol tariximizin yeni səhifəsini açır

Nəhayət, bu gün də gəlib çatdı. İllərdir mavi ekran qarşısında əcnəbi klubların bir-biri ilə duellərini izləyərək köks ötürən Azərbaycan azarkeşinin həsrətlə gözlədiyi UEFA Çempionlar Liqasının himni böyük yarış, böyük ümid sorağı ilə Azərbaycan torpağında da səslənəcək.

Əlbəttə, bu himn ilk dəfə avqustun 15-də Çempionlar Liqasının seçmə pley-offunda səslənmişdi. Lakin hər kəs bilirdi ki, bu himn eyni notlar, eyni ifa olsa belə, qrup yarışlarında yüksələn musiqi sədalarının ahəngini, avazını, hiss-həyəcanını vermir. Amma sentyabrın 12-də istər London "Stəmford Bric"ində, istərsə mavi ekran başında Azərbaycan çempionunun dünya klub futbolunun ən mötəbər yarışında debütünü izləyəcək futbolsevərlərimiz, sentyabrın 27-də Bakıda həmin sədaları daha fərqli ovqatla, hisslə eşidəcəklər.

1997-ci il iyulun 23-dən - "Neftçi"nin Polşa "Vidzev"i ilə ilk oyunundan bu yana, yaxud sonrakı il "Kəpəz"in yenə Polşa təmsilçisi LKS-in qapısından keçirdiyi ilk Çempionlar Liqası qolundan sonra (müəllifi İmamyar Süleymanov), yaxud da daha bir il keçmiş yenə "Kəpəz"in Makedoniya "Sloqa Yuqomaqnat"ı üzərində qazandığı ilk Çempionlar Liqası qələbəmizi (2:1), lakin səfər qolu ilə rəqibi irəli buraxdığı vaxtdan, ən əsası isə, 2000-ci ildə - ilk olimpiya qızılı zəfərlərimizin qazanıldığı ildə - "Şəmkir"in Latviya "Skonto"su üzərində əlavə vaxtdakı tarixi və ilk mərhələ soraqlı böyük hesablı qələbəmizdən üzü bu yana gözlədiymiz an düz 17 il sonra yetişdi. Həsrət çox uzun çəkdi. Amma haqqın-ədalətin təntənəsi, bəlkə də ən doğru məqamla məhz 2017-ci ilin payına düşdü. Çünki indi durğunluq içində durula bilməyən futbolumuzun belə uğurlara çox ehtiyacı var. İndi azarkeşini, marağını, inam və etibarını itirməkdə olan futbolumuzun daha bir dönüş şansına kəskin ehtiyacı yaranıb.

Yəqin avqustun 23-dən 24-nə keçən gecənin həyəcanlı, daha sonra hər yanda, hər yerdə böyük gurultu ilə qeyd edilən qələbə sevincini Azərbaycan hələ uzun müddət unutmayacaq. Həmin gün Azərbaycan futbolunda ən yeni tarixin ilk sətirləri yazıldı: dünyanın ən nüfuzlu və ən gəlirli futbol yarışı olan Avropa Çempionlar Liqasının seçmə pley-offunda ilk dəfə qüvvəsini sınayan Azərbaycan təmsilçisi bu uğuru daha bir yarış nailiyyəti ilə qeyd etdi.

Düşərli püşklərlə müşayiət olunan yeni mövsüm məhz "Qarabağ"ın zəfəri ilə yadda qalacaq. Doğrudur, püşkün gülən üzündən komandalarımız yetərincə istifadə edə bilmədilər. Lakin Ağdam təmsilçisi bu zəfəri ilə həmin itkilərin acısını unutdurdu və vərəqlənən yeni səhifə futbolumuzun inkişafı üçün daha bir əsaslı stimul, yeni təkanverici qüvvə ola bilər. Bu barədə hələ çox söz açacağıq. Hələliksə, "Qarabağ"ı bu zəfərə aparan yolun son dəftər qeydlərinə nəzər salaq.

Kopenhagenə - vaxtilə "Qalatasaray"ın Türkiyə futbolunun ən böyük tarixini yazdığı şəhərə yollananda, əlbəttə, ümidlər əsassız deyildi. Püşk komandamıza bəlkə də ən böyük sınaqdan uğurla çıxmaq üçün bir fürsət vermişdi. Təbii ki, rəqib asanlardan da sayıla bilməzdi. Ən azı öna görə ki, "Qarabağ"a çox ciddi yanaşmışdılar. Üstəlik, matçın lap əvvəlində Gerryer meydanı tərk edəndə, qarşılaşmada komandamızın yalnız əzm və iradə ilə qalib gələ biləcəyi aşkar üzə çıxdı. Çünki "Qarabağ"ın matçların ilk hissəsi üçün ənənəvi gücləndirilmiş oyun rejiminə vurulan növbəti zədə zərbəsinin qarşısını almaq üçün fərqli taktiki gedişlər etmək lazım idi. Oyun ərəfəsi məhz bunları xüsusi qeyd etmişdik. Bu görüşdə "Qarabağ" çoxplanlı oyuna meyilli ola biləcəyini əyani nümayiş etdirsə də, çatışmazlıqları az olmadı. Əlbəttə, hər qələbə qüsur və nöqsanları kölgədə qoyur. Lakin, ümid edək ki, komanda bu tarixi nailiyyətindən eforiyaya düşməyərək çatışmazlıqlarını təhlil edib, ən azı, oyun planında bir çox məqamları bir az təkmilləşdirəcək.

İlk növbədə, arxa xətdə problemlər əvvəlkindən daha qabarıq özünü büruzə verir. Çünki rəqiblərin səviyyəsi artdıqca, komandanın imkanları nəzərə alınmaqla, bu xəttə tələblər artır. Digər yandan hücum xəttinin istənilən həddə gücləndirilməməsi müdafiənin yükünün artıq olmasına təsirini göstərir.

"Qarabağ"ın səfərdəki qarşılaşmada daha bir müsbət məqamı ikinci hissədə oyunun ritmindən düşməməsi, hətta tempi artırmağa qadir olması idi. İlk qolu buraxdıqdan sonra təmsilçimiz özünü toparlayıb, ən əsası, oyun planında inam, iradə və əzm göstərdi. Əlbəttə, hücum xəttinin natamamlağına görə bu psixoloji ovqat çox da effektli olmadı, ancaq istənilən nəticə əldə olunubsa, hər şey qaydasındadır. Çünki danimarkalıların dişəçəkilən olması, həm də oyun quruculuğundakı çiyliyi Azərbaycan çempionunun dadına çatdı.

İstənilən halda, "Qarabağ" Çempionlar Liqasına vəsiqə əldə edərək, qitənin, əslində, dünyanın ən güclüləri sırasında yerini aldı. İndi qalır bu uğuru tamamlamaq, inkişaf etdirmək, yüksəltmək. Bunun üçün daha fərqli və daha çox iş görmək lazımdır. Komanda bütün infrastrukturu ilə futbolu biznesə çevirmək üçün lazım olan addımları atmağa cəhd göstərməlidir.

Yeri gəlmişkən, "Qarabağ" brendindən biznes məqsədilə sui-istifadə halları ilə bağlı bəyanat yayıb. Bəs nə üçün bu vaxta qədər bu məsələ qabardılmırdı? Axı, illərdir hər klubun öz brendinə imici kimi yanaşmalı olduğunu qeyd edirik. Məgər zər qədrini bilmək üçün mütləq zərgər olmaq lazımdır? Artıq bunu zaman və bu fursətdən yararlanmaq ehtirası tələb edir. Gec də olsa, faydalanmaq lazımdır. Yüksəlişdən lazımınca istifadə edə bilməyənlər həmişə qısa durğunluq dövrünə düşür və sonra tükənib solurlar.

Hələliksə, ölkə qələbə sevinci içindədir. Doğrudur, Kopehagendə Azərbaycan çempionu məğlub oldu. Lakin indiyə qədər heç bir məğlubiyyət bizim üçün bu qədər şirin, sevinc qarşısında bu qədər aciz qallmamışdı. Axı, səfərdə vurulan bir qol, qanuni ədalət yanaşması ilə, təmsilçimizi ən ülvi məqama yetirdi.
Oyundan sonra futbolçuların göz yaşları, baş məşqçi, Azərbaycan futbolu tarixində öz dəst-xətti ilə seçilən Qurban Qurbanovun göz yaşlı kövrək anları, Azərbaycan futbolu tarixinə dövrünün ən yaxşı futbolçusu kimi adını həkk etmiş, lakin cəfalı illərin səfasını indi çəkən və karyerasının qürub çağında mükafatsız olsa belə, ən layiqli hədiyyələri alan Rəşad Sadıqovun qürurlu sevinci hələ bundan sonra çox xatırlanacaq.

Təbii ki, bu anların böyük yolun bir başlanğıcına çevrilməsi üçün daha çox və daha səylə çalışmaq lazım gələcək. Onun, sadəcə, səhifələnmiş bir tarix deyil, yeni səhifələri açılacaq bir kitabın müqəddiməsi olması daha vacibdir. Bunu yarışın püşkü əyani nümayiş etdirdi. Bir gün əvvəl təmtaraqla zəfərlərdən bəhs edənlər, püşkdən dərhal sonra, əksərən, qəfil zərbə alıblarmış kimi söndürüldülər. Amma, nahaq. Axı, nə gözləyirdilər? Bəlkə komandamızın yer aldığı sonuncu səbətin klubları arasından rəqib istəyirdilər. Məncə, ən gözəl və əsl imtahan, əsl sınaq hələ bundan sonra başlanacaq. İnanaq ki, tək "Qarabağ" deyil, həm də futbol funksionerlərimiz bu fürsətdən yaralanaraq, nəhayət, futbol naminə həqiqi addımlar atmağa cəhd edəcək və haradasa uğur qazanacaq və əsl ümid işığını yandıracaqlar.



Pley-off mərhələsi

İlk oyun
"Qarabağ" (Azərbaycan) -
"Kopenhagen" (Danimarka)
1:0 (0:0).
15 avqust. Tofiq Bəhramov adına
Respublika stadionu.
Hakimlər: Paolo Talyavento - Alessandro Callantini, Alessandro Kostanso - Massimiliano İrrati, Antonio Damato - Filippo Meli (İtaliya).
Qol: M.Madatov, 25
Sarı vərəqə: B.Verbiç, 71, D.Amankvaa, 90+3.
"Qarabağ": İbrahim Şehiç, Bədəvi Hüseynov, Yakub Jezniçak, Qara Qarayev, Maksim Medvedev (kap.), Ansi Aqolli, Miçel, Dino Ndlovu (Əfran İsmayılov, 90+5), Mahir Mədətov, Donald Gerryer, Riçard Almeyda. Baş məşqçi: Qurban Qurbanov.
"Kopenhagen": Robin Olsen, Pyerr Benqtsson, Villiam Kvist (kap.), Benyamin Verbiç (Nikolay Tomsen, 86), Uroş Matiç, Federiko Santander, Andriya Pavloviç (Pyeros Sotiriu, 74), Nikolay Boylesen, Peter Ankersen, Yusif Tutu (Danni Amankvaa, 68), Mixael Lüftner. Baş məşqçi: Stale Solbakken.
Cavab görüşü

"Kopenhagen" (Danimarka) -
"Qarabağ" (Azərbaycan) 2:1 (1:0)
23 avqust. Kopenhagen.
"Telia parken"
Hakimlər: Alberto Undiano Malyenko - Roberto Alonso, Raul Kabanyero - Alexandro Ernandes, Xose Maria Sançes Martines - Dieqo Barbero Sevilya (İspaniya).
Qol: Santander, 45, Pavloviç, 66//D.Ndlovu, 63.
Sarı vərəqə: M.Lüftner, 4, P.Ankersen, 77, Yusif Tutu, 86//Miçel, 8, Y.Jezniçak, 75, D.Ndlovu, 90+3
"Kopenhagen": Robin Olsen, Pyerr Benqtsson, Villiam Kvist (kap.; Yusif Tutu, 80), Benyamin Verbiç, Federiko Santander (Pyeros Sotiriu, 70), Yan Qrequş, Andriya Pavloviç, Kasper Kusk (Danni Amankvaa, 67), Nikolay Boylesen, Peter Ankersen, Mixael Lüftner. Baş məşqçi: Stale Solbakken.
"Qarabağ": İbrahim Şehiç, Bədəvi Hüseynov, Yakub Jezniçak, Qara Qarayev, Maksim Medvedev (kap.), Ansi Aqolli, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Donald Gerryer (Əfran İsmayılov, 11, Rəşad F.Sadıqov, 80), Riçard Almeyda (Elvin Yunuszadə, 90+2). Baş məşqçi: Qurban Qurbanov.

Xəbər 1613 dəfə oxundu.