Dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Avqustun 28-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı start götürür.

Sentyabrın 3-də yekun vurulacaq çempionatda ölkəmizi 17 cüdoçu (9 kişi, 8 qadın) təmsil edir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti hazırda Macarıstanda səfərdədir.

Çempionatın püşkatma mərasimində Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, milli federasiyaların rəsmiləri, yığma komandaların məşqçiləri, tanınmış cüdoçular iştirak ediblər.

Püşkatma nəticəsində Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub. Çempionatda 60 kiloqram çəki dərəcəsində yarışacaq Orxan Səfərov Tapiva Pavari (Zimbabve) - Yanislav Qerçev (Bolqarıstan) cütlüyünün qalibi, Nicat Şıxəlizadə (66 kq) isə qazaxıstanlı Eldos Jumaxanov ilə üz-üzə gələcəklər. Rüstəm Orucov (73 kq) Aqil Qjakov (Kosovo) - Xavyer Ramires (İspaniya) qarşılaşmasının qalibini sınağa çəkəcək. Hidayət Heydərov (73 kq) Mərakeş təmsilçisi Əhməd Əl Mezaati, Məmmədəli Mehdiyev (90 kq) rumıniyalı Kristian Bodirlau, Tural Səfquliyev (90 kq) perulu Xose Aroyo ilə döyüşəcək. Dünya çempionatında 100 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Elxan Məmmədov Luis Medina (Dominikan) - Kayl Reyes (Kanada) görüşünün, Elmar Qasımov isə Otqonbatar Lxaqvasuren (Monqolustan) - Səidcəlal Səidov (Tacikistan) qarşılaşmasının qalibləri ilə yarışacaqlar. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində isə Uşanqi Kokauri braziliyalı Rafael Silva ilə qarşılaşacaq.

Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva (48 kq) yaponiyalı Funa Tonaki, Erdenabat Bazarraqça (48 kq) rumıniyalı Aleksandra Pop ilə üz-üzə gələcəklər. Çempionatda 52 kiloqram çəki dərəcəsində Nəzakət Əzizova Mərakeş təmsilçisi İkram Soukate, Purevsuren Buyankışinq rusiyalı Natalya Kuzyutina ilə görüşəcəklər. Həmçinin 57 kiloqram çəki dərəcəsində Munktsedev İçinkolo Joan Ekusoan (İspaniya), Səkinə Zairova slovakiyalı Viktoriya Mayorosovanı sınağa çəkəcəklər. Gülsədəf Kərimova (63 kq) Anrikelis Barrios (Venesuela), İrina Kindzerska (78 kq-dan yuxarı) toqolu Essoxanam Koros ilə qarşılaşacaqlar.

Xəbər 1281 dəfə oxundu.