Azərbaycan və Almaniya yığmaları ikinci turda qarşılaşıblar
Azərbaycanın şahmat üzrə qadınlardan ibarət yığma komandasının Bakıda növbəti çıxışlara hazırlığı çərçivəsində Almaniyanın qadınlardan ibarət yığma komandası ilə 5 lövhə üzərində yoldaşlıq matçı keçirilir.

İkinci turda Almaniya yığması azərbaycanlı rəqiblərinə 3,5:1,5 hesabı ilə qalib gəlib.

Sxeveningen sistemi üzrə keçirilən matçda ümumi hesab Azərbaycan yığmasının xeyrinədir - 5,5: 4,5.

Azərbaycan komandasının heyətinə Nərmin Xələfova (2239), Gülnar Məmmədova (2357), Ülviyyə Fətəliyeva (2323), Zeynəb Məmmədyarova (2277) və Xanım Balacayeva (2282), Almaniya yığmasına isə Elizabet Payeş (2469), Sara Xult (2449), Yelena Lyovuşkina (2311), Tiyes Heynemann (2284) və Fiona Siyeber (2277) daxildir.

Görüşün birinci günü 4:1 hesabı ilə Azərbaycan şahmatçılarının xeyrinə başa çatıb.

Oyunlarda vaxt nəzarəti belədir: ilk 40 gediş üçün 90 dəqiqə, sonra partiyanın sonuna qədər hər iştirakçı üçün 30 dəqiqə üstəgəl hər gediş üçün 30 saniyə.

Avqustun 26-dək bu komandalar arasında daha 5 görüş keçiriləcək.

Xəbər 541 dəfə oxundu.