Azərbaycan şahmatçıları Abu-Dabidə keçirilən beynəlxalq festivalın liderləri sırasındadırlar
Abu-Dabidə 24-cü Beynəlxalq Şahmat Festivalı davam edir.

Festivalda sonuncu keçiriləcək Masters turnirindən əvvəlki vəziyyət belədir: Mümkün 8 xaldan 7-ni toplamış Bassem Amin (Misir) hamıdan irəlidədir. İngiltərəli şahmatçı Naycel Şort ondan yarım xal, azərbaycanlı qrossmeyster Rauf Məmmədov və yerli şahmatçı Saleh Salem bir xal geri qalır.

Festival iştirakçılarından 15 şahmatçının hər birinin aktivində 5,5 xal, 17-nin aktivində, o cümlədən FIDE ustası Maqomed Muradlının aktivində 5 xal var. Azərbaycan nümayəndələri – ustalığa namizəd Aydın Süleymanlı 4,5 xal, FIDE ustası Altay Eynullayev, habelə Vüqar Manafov 3 xal toplayıblar.

Xatırladaq ki, Masters turnirində dünyanın 36 ölkəsindən 129 şahmatçı, o cümlədən 41 qrossmeyster və 26 beynəlxalq dərəcəli usta yarışacaq. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir. Vaxta nəzarət: 90 dəqiqə + hər gediş üçün 30 saniyə.

Festival çərçivəsində, həmçinin open və yuniorlar arasında turnirlər keçirilir. Bu turnirlərdə 160 şahmatçı iştirak edir. Onların sırasında Azərbaycandan Xəzər Babazadə, Atilla Eynullayev və Elşad Abdullayev də mübarizə aparırlar.

Open turnirdə yeddi turdan sonra 7,5 xal toplamış Elşad Abdullayev hamıdan irəlidədir. Xəzər Babazadə və filippinli Rokki Pabalan ondan yarım xal geri qalır. Atilla Eynullayev 4,5 xal toplayıb. Yuniorlar turnirində isə yekun turdan əvvəlki vəziyyət belədir: üç şahmatçı, o cümlədən Xəzər Babazadə 7 xal toplayıb. Özbəkistanlı şahmatçı Kazıbek Umbetov ondan yarım xal, 11 şahmatçı, o cümlədən Atilla Eynullayev ondan 1 xal geri qalır.

Xəbər 571 dəfə oxundu.