Dünya çempionatında Azərbaycan yeddi qadın güləşçi ilə təmsil olunacaq
Avqustun 21-dən 26-dək Parisdə güləş üzrə dünya çempionatı keçiriləcək.

Mundialda iştirak edəcək sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların heyəti ötən gün açıqlanıb.

Qadın güləşi yarışlarında isə ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcəklər. Güləşçilərimiz çempionatda böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yarışacaqlar.

Məlumat üçün bildirək ki, qadın güləşçilərimiz avqustun 7-dən Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirirlər. Təlim-məşq toplanışı avqustun 21-dək davam edəcək.

Çempionatın proqramına əsasən, ilk olaraq 71, 75, 85 və 98 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar. Avqustun 22-də 59, 66, 80 və 130 kiloqram çəkidə yunan-Roma güləşçiləri, bir gün sonra isə 55, 58, 63 və 75 kiloqramda qadın güləşçilər yarışacaqlar. Yarışların dördüncü günündə 48, 53, 60 və 69 kiloqram çəkidə qadın güləşçilər mübarizə aparacaqlar. 57, 61, 86 və 125 kiloqram çəkidə sərbəst güləşçilər avqustun 25-də xalça üzərinə çıxacaqlar. Çempionatın sonuncu günündə isə sərbəst güləş üzrə 65, 70, 74 və 97 kiloqram çəki dərəcəsində pəhləvanlar yarışacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Xəbər 596 dəfə oxundu.