Çingiz Hüseynzadə: Ramil Quliyevin yüngül atletika üzrə dünya çempionu olması sevindiricidir
Azərbaycanlı idmançı Ramil Quliyevin Londonda yüngül atletika üzrə dünya çempionu olması sevindiricidir.

Bu fikri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə avqustun 15-də keçirdiyi mətbuat konfransında deyib.

Vitse-prezident qeyd edib ki, yüngül atletika üzrə dünya çempionatı iki ildən bir keçirilir. Dünya çempionatına ilk dəfə olaraq 5 idmançımız lisenziya qazandı. Güclü idmançılarımızdan biri zədələndiyi üçün çempionata 4 idmançı ilə qatıldıq və çox uğurlu nəticə əldə etdik. Dünya çempionatında 5-ci yeri tutmaq böyük nəticədir. İdmançılarımız çəkicatma və üçtəkanla tullanma yarışlarında 5-ci oldu. Hayle İbrahimovun nəticəsi zəif idi. Nazim Babayevə ümidlər bəsləyirdik. Amma bu çempionat onun üçün əsas yarış deyildi. Bundan bir neçə həftə öncə o, 23 yaşlılar arasında Avropa çempionatında uğurla çıxış etdi. Onun çempionatda iştirakı təcrübə qazanmaq məqsədi daşıyırdı.

Çingiz Hüseynzadə deyib ki, Ramil Quliyevin dünya çempionu olması böyük hadisədir. Hamımız onu təbrik etdik. Finaldan öncə nəticələri araşdırıb proqnoz verəndə Ramilin medal qazanmaq şansı olduğunu görürdük. Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Dünya Atletika Federasiyasının prezidenti də bu münasibətlə birinci olaraq Azərbaycanı təbrik etdi.

Xəbər 1301 dəfə oxundu.