Azərbaycan təmsilçisinin dünya çempionatında medal qazanmasına üç santimetr çatmayıb
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının yeddinci günü yekunlaşıb.

Çempionatda dörd idmançı ilə iştirak edən Azərbaycan millisinin son təmsilçisi də yarışı başa vurub.

Üçtəkanla tullanmada çıxış edən Aleksis Kopello final mərhələsində medallar uğrunda mübarizə aparıb. Atletimiz 17 metr 16 santimetr nəticə göstərib. Bürünc medal qazanmağa cəmi üç santimetri çatmayan A.Kopello dünya çempionatında beşinci pillədə qərarlaşıb. O, daha iki idmançı ilə eyni nəticə göstərsə də, əlavə göstəricilərə görə onlardan birindən öndə, digərindən geridə yer alıb.

Bununla da A.Kopello çempionatdakı təmsilçimiz Anna Skidan kimi beşinci yerlə kifayətlənib. Digər iki idmançımız - üçtəkanla tullanmada Nazim Babayev, 5 min metr məsafəyə qaçışda isə Hayle İbrahimov final mərhələsinə çıxa bilməyiblər.

Xəbər 1381 dəfə oxundu.