"İdman" qəzetinin əməkdaşı beynəlxalq boulinq turnirində mükafatçılar sırasında yer alıb
Avqustun 10-da Tbilisidə jurnalistlər arasında ilk dəfə boulinq üzrə beynəlxalq turnir keçirilib.

Yarışda Azərbaycan, Gürcüstan, Ukrayna və Kanadadan 30-dan çox jurnalist birincilik uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandasının üzvü, “İdman” qəzetinin əməkdaşı Rəşad Əliyev mükafatçılar sırasında yer alıb. 146 xalla R.Əliyev turniri üçüncü pillədə başa vurub.

İlk iki pilləni isə Gürcüstan təmsilçiləri tutublar.

Turnir başa çatdıqdan sonra bağlanış mərasimi təşkil olunub.

Mərasimdə çıxış edən Gürcüstan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Mixail Abaişvili iştirakçılara təşəkkür edərək, idman jurnalistikasının dünyada aparıcı mövqeyindən danışıb və gələcəkdə belə yarışların davamlı təşkil edilməsinin vacibliyini diqqətə çatdırıb.

“İdman” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Qabil Mehdiyev M.Abaişviliyə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xatirə hədiyyəsini təqdim edib.

Həmçinin Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar Jurnalist Eldar İsmayılov təşkilatçılara rəhbərlik etdiyi qurumun xüsusi hədiyyəsini verib.

AZƏRTAC

Xəbər 1783 dəfə oxundu.