Kişi boksçulardan ibarət yığmamız dünya çempionatına hazırlığın son mərhələsinə başlayır
Kişi boksçulardan ibarət Azərbaycan yığması dünya çempionatına hazırlığı davam etdirir. Komandamız təlim-məşq toplanışının ikinci hissəsini bu gün başa vurub.

Avqustun 9-da hazırlığın son mərhələsinə start veriləcək.

Yığmamız məşqlərini əvvəlki 2 mərhələdə olduğu kimi, Boks Mərkəzində keçəcək. Texniki-taktiki hazırlıqda mundiala qatılacaq Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) iştirak edəcəklər.

Dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) isə toplanışdan kənar qalıb. Buna səbəb onun hazırlıqda zədələnməsidir. Azərbaycan boksçusunun müalicəsinə başlanılıb. Lakin onun zədə səbəbindən dünya çempionatına yollanması sual altına düşüb.

Üçüncü mərhələ başa çatdıqdan sonra yığmamız dünya çempionatının keçiriləcəyi Hamburq şəhərinə yollanacaq.

Qeyd edək ki, avqustun 25-də start götürəcək mundial sentyabrın 3-də başa çatacaq.

Xəbər 1133 dəfə oxundu.