İstanbulda UEFA-nın 36-cı Konqresi başa çatıb

İstanbulda 53 üzv ölkənin iştirakı ilə UEFA-nın 36-cı Konqresi keçirilib. Azərbaycan Futbol Federasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, assosiasiyanın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov tədbirdə iştirak ediblər.
UEFA-nın prezidenti Mişel Platininin sədrlik etdiyi konqresdə giriş sözü ilə çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa futbol dünyasının bu mühüm tədbirinə uğurlar diləmiş, son illər ölkəsində idmanın maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən işlərdən bəhs edib.
M.Platini çıxışında futbolda baş verən proseslər, islahatlar və görüləcək işlərdən bəhs edib. Onun sözlərinə görə, neqativ hallara qarşı mübarizə Polşa və Ukraynanın ev sahibliyi edəcəyi “EURO-2012”-də daha keyfiyyətli futbol izləmək üçün öz nəticəsini verəcək.
FIFA-nın prezidenti Yozef Blatter bu il futbolda əlamətdar hadisələrin bol olacağını demişdir. O, Azərbaycanda keçiriləcək qadınlar üzrə dünya çempionatı və London Olimpiadasının futbol turnirinin əhəmiyyətini vurğulayıb.
Konqresin gündəliyində duran məsələlər – UEFA prezidentinin və komitələrinin 2010 – 2011-ci illər üçün hesabatının dinlənilməsi və təsdiq olunması, təşkilatın 2012- 2013-cü illər üçün büdcəsi ilə bağlı müzakirələrin aparılması idi.

Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri,
Ankara

Xəbər 1164 dəfə oxundu.