Bu gün UEFA Superkubokunun qalibi məlum olacaq
Bu gün Makedoniyanın paytaxtı Skopyedə İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester United” komandaları arasında UEFA Superkuboku uğrunda oyun keçiriləcək.

Bununla da 43-cü UEFA Superkubokunun qalibi məlum olacaq.

Ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olan İspaniya təmsilçisi və Avropa Liqasında uğur qazanan İngiltərə komandası arasında keçiriləcək matçı italiyalı baş hakim Canluka Rokki idarə edəcək.

Qeyd edək ki, “Real Madrid” indiyədək üç dəfə (2002-ci il, 2014-cü il və 2016-cı il) UEFA Superkubokunu qazanıb, iki dəfə (1998-ci il, 2000-ci il) isə həlledici görüşdə uduzub. İkinci dəfə kuboka sahib olmaq üçün meydana çıxacaq “Mançester Yunayted” isə buna 26 il əvvəl - 1991-ci ildə nail olub. İngiltərə klubu 1999-cu və 2008-ci illərdə isə yalnız finalda məğlub olub.

İlk dəfə 1972-ci ildə qalibi müəyyənləşən titul 42 dəfə sahibini tapıb. Əvvəllər Kuboklar Kuboku, sonra isə UEFA kuboku (indiki Avropa Liqası) turnirinin qalibi Çempionlar Liqasının ən güclüsü ilə qarşılaşıb. 1972-ci ildə klubların təşəbbüsü ilə təşkil edilən ilk Superkubok matçı isə hələ də UEFA tərəfindən rəsmi tanınmayıb. Həmin dueli də nəzərə alsaq, 42 mövsümdən 23-də Çempionlar Liqası, 12-də Kuboklar kuboku, 7-də Avropa Liqasının qalibi Superkuboka yiyələnib.

İndiyədək 12 ölkə təmsilçisi kuboka yiyələnib. İspaniyanın 13, İtaliyanın 9, İngiltərənin 7 klubu buna nail olmaqla ilk üçlükdə qərarlaşıb.

Klublar arasında hərəsi beş dəfə olmaqla “Barselona” və “Milan” liderdir. “Real Madrid”, “Liverpul” və “Ayaks” hərəyə üç dəfə Superkuboka sahib olub.

“Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan oyundan əvvəl keçirilən mətbuat konfransında komandanın hazırlığı və məqsədləri barədə danışıb. O deyib: “Mövsümə uğurlu start vermək və Superkubok görüşündə nəticə qazanmaq bizim üçün vacibdir. Mövsümün ilk rəsmi qarşılaşmasının əhəmiyyətini dərk edirik. Komandam iştirak etdiyi hər bir yarışda qələbə uğrunda mübarizə aparan klubdur. Güclü heyətimiz mövcuddur. Odur ki, ötən mövsümün uğurlarını təkrarlamaq və ardıcıl üçüncü dəfə Çempionlar Liqasının qalibi olmaq istəyirik”.

Xəbər 1640 dəfə oxundu.