Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatına Sloveniyada və İtaliyada hazırlaşacaq
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatına hazırlığı davam etdirir.

Faiq Qarayevin yetirmələri təlim-məşq toplanışının növbəti mərhələsini Sloveniyada keçəcək.

Komandamız Maribor şəhərinə avqustun 4-də yollanacaq. Voleybolçularımız burada fiziki hazırlığı yekunlaşdırıb topla məşqlərə üstünlük verəcək. Millimizin Sloveniyada bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.

Təmsilçimiz daha sonra İtaliyaya gedəcək. Azərbaycan və Gürcüstanın birgə keçirəcəyi qitə çempionatına hazırlıq da məhz bu ölkədə başa çatacaq. Komandamız İtaliya millisi ilə keçirəcəyi yoxlama oyunundan sonra sentyabrda vətənə qayıdacaq.

Xatırladaq ki, sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda və Gürcüstanda qadın voleybol komandaları arasında Avropa çempionatı keçiriləcək.

On altı ölkənin mübarizə aparacağı qadın voleybol komandaları arasında Avropa çempionatının oyunları Bakıda, Göygöldə və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastika Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində baş tutacaq.

Xəbər 606 dəfə oxundu.