Futvole üzrə “Qızmar Bakı qumu” turnirinə yekun vurulub
Bakı Su İdmanı Sarayında futvole üzrə “Qızmar Bakı qumu” adlı turnirə yekun vurulub.

İyulun 30-da Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkil etdiyi turnirdə beş kişi və iki qadın (müsabiqədənkənar) komandası iştirak edib. Yarışda idmançılar dairəvi sistem üzrə mübarizə aparıblar.

Bir gün davam edən turnirdə dörd oyunun hamısında qalib gələrək aktivinə səkkiz xal yazdıran Feyyar Hüseynov və Namiq İsgəndərov cütlüyü turnirin birincisi olub. Mükafatlandırma mərasimində iştirak edən AFNA-nın prezidenti Vüqar Xəlilov idmançıları qələbə münasibətilə təbrik edərək gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, “Qızmar Bakı qumu” turniri avqustun 5-6-da paytaxtımızda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyıb.

Xəbər 914 dəfə oxundu.