Atıcılıq üzrə Avropa çempionatında Türkiyədən ilk medal
Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışının qalibi müəyyən olub.

Estoniyalı Olesk Peeter rəqiblərindən daha yaxşı nəticə göstərərək 292 xalla qızıl medal əldə edib.

Türkiyə təmsilçisi Yusuf Dikeçi çempion adından bir xal ayırıb. O, 291 (14 x) xalla gümüş medal qazanıb.

Yarışın üçüncüsü isə 291 (9 x) xalla Ukrayna atıcısı Roman Bondaruk olub.

Kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışında Azərbaycanı təmsil edən Ruslan Lunyov 286 xalla çempionatı doqquzuncu pillədə başa vurub.

Xatırladaq ki, Yusuf Dikeç “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 50 metrdən tapança ilə atəşaçma yarışlarının çempionu olub.

Xəbər 1408 dəfə oxundu.