Atıcılıq üzrə Avropa çempionatının doqquzuncu günündə İsveç idmançıları fərqləniblər
İyulun 29-da Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının doqquzuncu günündə dörd yarışın qalibləri müəyyənləşib. Gün ərzində Azərbaycan idmançıları mübarizə aparmayıblar.

Maraqlı mübarizələrlə yadda qalan çempionatın doqquzuncu gününə qadınlar arasında 300 metr məsafəyə tüfənglə atəşaçma yarışı ilə start verilib. İsveçli atıcı Elin Ahlin rəqiblərindən daha yaxşı nəticə göstərərək 594 xalla birinci yeri təmin edib. İkinci yerə 591 xalla avstriyalı Oliviya Hofmann, üçüncü yerə isə 589 xalla isveçli Anna Norman çıxıb.

Qadınlar arasında tüfənglə 300 metr məsafəyə güllə atıcılığı üzrə komanda yarışının qalibi də İsveç təmsilçiləri olublar. İsveç yığması 1771 xalla birinci yeri tutub. Qızıl medalı İsveç millisinə Elin Ahlin (594 xal), Anna Norman (589) və Mariya Enqvist (588) qazandırıblar.

İkinci yeri 1754 xalla Almaniya millisi tutub. Gümüş medalı Almaniya komandasının heyətində Eva Roesken (588), Liza Mueller (588) və Sandra Georq (578) təmin ediblər. Yarışın üçüncüsü isə 1751 xalla Estoniya millisi olub. Estoniya yığmasının heyətində bu uğura Anjela Voronova (588), Lyudmila Kortşagina (584) və Tuuli Kuebarsep (579) imza atıblar.

Günün digər yarışında kişilər (yeniyetmələr) 25 metr məsafəyə tapança ilə atəşaçma yarışında güclərini sınayıblar. Yarışda fəxri kürsünün ən yüksək pilləsinə Latviya idmançısı çıxıb. Rəqiblərindən daha dəqiq olan latviyalı Ernests Erbs 583 xalla birinci yeri tutub. Fransalı Eduard Dortomb 575 xalla gümüş, rusiyalı Daniil Şıxov isə 574 xalla bürünc medallara layiq görülüblər.

Avropa çempionatında Rusiya millisi yeniyetmələr (kişilər) arasında 25 metr məsafəyə tapança ilə atəşaçma yarışında 1715 xal toplayaraq çempion olub. Qızıl medalı Rusiya millisinə Daniil Şıxov, Eqor İsmakov, Aleksandr Petrov qazandırıblar.

İkinci yeri 1713 xalla Ukrayna millisi tutub. Ukrayna millisinin heyətində Yuri Kolesnik, Pavlo Krepostniak və Maksim Horotinets gümüş medalı komandanın aktivinə yazdırıblar. Yarışın üçüncüsü isə 1708 xal toplayan Fransa millisi olub. Fransa yığmasının heyətində bu uğura Eduard Dortomb, Klement Qreffier, Andre Pyer Loren Kussiq imza atıblar.

Mükafatlandırma mərasimində fəxri kürsüdə yer alan qalib idmançılara medallar təqdim olunub.

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Avropa çempionatına avqustun 3-də yekun vurulacaq. Çempionata 43 ölkədən minə yaxın idmançı qatılıb.

Xəbər 1709 dəfə oxundu.