Ən güclü karateçilər müəyyənləşdi
“Sərhədçi” Olimpiya-İdman mərkəzində karatenin WKF versiyası üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib. Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 25 komandanın tərkibində 117 idmançı mübarizə aparıb. Diqqət çəkən əsas məqam dünya və Avropa çempionatlarında dəfələrlə çempion və mükafatçı olmuş Rafael Ağayev, Niyazi Əliyev, Rəşad Hüseynov, İsrafil Şirinov və Şahin Atamov kimi idmançıların Azərbaycan çempionatında iştirak etməsi olub. Bu da yarışa marağı xeyli artırıb.
Nəticələrə gəlincə, kişilərin kata yarışları “Çempion” klubunun üzvü Elvin Eyvazovun qələbəsi ilə başa çatıb. Qadınların şəxsi kumite üzrə mübarizəsində 50 kq-da “Fərasət” klubundan Sevinc Mehdiyeva, 61 kq-da isə “Qara Qaplan” klubundan Surə Fərəcli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kişilərin şəxsi kumite üzrə mübarizəsində orta çəkilərdə sensasiya baş verməyib. 60 kq-da Ceyhun Mustafayev (“Qara Qaplan”) finalda Fövqəladə Hallar Nazirliyi (FHN) idman klubunu təmsil edən Tural Ələkbərlini məğlub edib. 67 və 75 kq cəki dərəcələrinin finallarında isə FHN nümayəndələri Niyazi Əliyev və Rafael Ağayev müvafiq olaraq “Musado” və “Çempion” klublarından olan rəqibləri Rəşad Hüseynov və Ayxan Mamayevi məğlubiyyətə uğradıblar. Son 2 cəki dərəcəsində isə gənclər yığmasının üzvləri, əsas komandadan olan rəqibləri üzərində qələbə qazanmaqla, iddialarını ortaya qoyublar. 84 kq cəkinin həlledici qarşılaşmasında “Qara Qaplan” klubunun yetirməsi Asiman Qurbanlı “Musado”nu təmsil edən İsrafil Şirinovdan güclü olub. 84 kq-dan ağır cəkili idmançılar arasında isə “Cempion” klubunun karateçisi Orxan Heydərli “Qara Qaplan”ın şərəfini qoruyan Şahin Atamova qalib gəlib.
Yığma komandanın baş məşqçisi Rəhman Hatəmovun sözünə görə, gənclər yığmasının bir neçə üzvünün Azərbaycan çempionu olması və ya mükafatçılar sırasına düşməsi komandadaxili rəqabətin artmasının bariz göstəricisidir. Bu isə, məşqçilər korpusunu sevindirməyə bilməz:
- Azərbaycan çempionatının yekunlarına əsasən mükafatçılar sırasına düşən karateçilərin iştirakı ilə təlim-məşq toplantıları təşkil olunacaq. Əsas məqsədimiz mayın 6-8-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq Avropa çempionatında uğurla çıxış etməkdir. Buna qədərsə idmançılarımız Turkiyə və ABŞ-da təşkil olunacaq 2 beynəlxalq turnirdə iştirak edəcəklər və bundan sonra Avropa çempionatına yollanacaq heyət müəyyənləşəcək.

Xəbər 3835 dəfə oxundu.