Azərbaycanın gənclər və idman naziri II Avropa Oyunlarının Koordinasiya Komissiyasının üzvü seçilib
2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının Koordinasiya Komissiyasının tərkibi müəyyənləşib.

Avropa Olimpiya Komitələrinin (EOC) elan etdiyi üzvlər siyahısına yenə Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos rəhbərlik edir.

S.Kapralos “Bakı-2015” birinci Avropa Oyunlarında da eyni funksiyanı yerinə yetirib. Onun müavini Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Oyunları konsepsiyasının müəllifi Zlatko Matesadır. Ayrı-ayrı ölkələrin Milli Olimpiya komitələrindən komissiyaya üzv qismində Sergey Bubka (Ukrayna), Aleksandr Jukov (Rusiya), Alexandro Blanko (İspaniya), Dayna Qudzineviçyute (Litva), Andrjey Krasniçki (Polşa), Nils Niqard (Danimarka), Hasan Arat (Türkiyə), Mixael Vesper (Almaniya), Jan-Mişel Brön (Fransa), Liney Halldorsdottir (İslandiya), Corce Visaçki (Serbiya) və Jan Paterson (Böyük Britaniya) daxil edilib.

Eyni zamanda, qitənin 6 növ - atletika, stolüstü tennis, velosiped idmanı, cüdo, badminton və kanoe üzrə federasiyalarının prezidentləri komissiyada yer alıblar.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə EOC rəsmiləri ilə birgə komissiyada təmsil olunacaq. O, siyahıya baş direktor kimi “Bakı- 2015”in uğurla təşkilindəki aparıcı rolu ilə əlaqədar daxil edilib. EOC rəsmiləri isə hazırda qurumun prezidenti vəzifəsini icra edən Yanez Kosiyançiç, baş katib Raffaele Panyotsi, xəzinədar Kikis Lazaridis və İcraiyyə Komitəsinin üzvü Mark Teyzendir.

Hazırlıq işlərinə ekspert və məsləhətçilər də cəlb olunub.

İkinci Avropa Oyunları 2019-cu il iyunun 20–30-da Minskdə keçiriləcək.

Xəbər 1669 dəfə oxundu.