“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi açılıb
İyulun 11-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, “Azəridmanservis” MMC-nin dəstəyi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və nazirliyin mətbu orqanı olan “İdman” qəzetinin informasiya dəstəyi ilə Muzey Mərkəzində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərginin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ən maraqlı və yaddaqalan məqamlarının nümayiş etdirilməsi, eləcə də bu mötəbər idman nailiyyətinin geniş təbliği baxımından fotosərginin əhəmiyyətini xüsusi vurğulayıb. O, Azərbaycan idmanının inkişafına göstərilən yüksək diqqət və qayğıya, həmçinin İslamiadanın uğurlu təşkilinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Çingiz Hüseynzadə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq aləmdə imicini daha da möhkəmləndirdiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycan fotomüxbirləri isə obyektivin gözü ilə bu mötəbər tədbirin möhtəşəmliyini sənət əsərinə çeviriblər. Dünyanın 50-dən çox ölkəsindən 3 mindən çox idmançının qatıldığı bu mötəbər yarışın ən unudulmaz məqamlarını Azərbaycan fotomüxbirləri tarixin yaddaşına həkk ediblər.

Sonra ölkəmizdə fotoqrafiya sənətinin inkişafına göstərdiyi dəstəyə görə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Fotoqraflar Birliyi adından fəxri diplomla mükafatlandırılıb.

Daha sonra IV İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasında yüksək fəallıq nümayiş etdirən fotomüxbirlər təltif olunublar. Mükafatlara layiq görülən ən yaxşı fotoşəkillərin müəllifləri arasında AZƏRTAC-ın fotomüxbirləri də var.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş etdirilir.

AZƏRTAC

Xəbər 725 dəfə oxundu.