Ağır atletika üzrə seçmə mərhələ yarışları başa çatdı
1–9 iyul tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələsi keçirilib. Bu müddətdə körpücük üzərinə 400-dən çox atlet çıxıb.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilib. Xırdalanda iyulun 1-2-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri), Lənkəranda 5-6 iyul tarixlərində Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, 8-9 iyulda isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən, 2007-1999-cu il və daha böyük təvəllüdlü kişi və qadın atletlər qüvvələrini sınayıblar. Seçmə mərhələ yarışları federasiyanın təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçiriləcəkdir.

Mərhələ yarışlarının təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Xəbər 1244 dəfə oxundu.