Atıcılıq üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
Bakıda keçiriləcək atıcılıq üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Atıcılıq Federasiyasından bildirilib ki, yığmamız 25, 50 və 300 metr məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə Bakıda keçiriləcək Avropa çempionatına 20 snayperlə qatılacaq.

Belə ki, güllə atıcıları arasında ölkəmizin idman şərəfini iki idmançı qoruyacaq. Yeniyetmələrin yarışında Nəzrin Abbaslı, böyüklərin mübarizəsində isə Ruslan Lunyov sərrastlığını nümayiş etdirəcək.

Stend atıcıları arasında isə 18 snayperimiz yarışacaq. Yeniyetmələrin Olimpiya Festivalına lisenziya verəcək aşağı yaş qrupu üzrə çempionatda hədəf önünə Mirmömin Ağazadə, Cavid Həsənov, Aydan Camalova, Vaqif Məhəmmədov və Sabir Mehdizadə çıxacaqlar.

Böyüklər arasında isə Niyaz Ağazadə, Paşa Əhədpur, Əlimirzə Quliyev, Şəfəq Əmrahova, Fuad Qurbanov, Əli Hüseynli, Elvin İsmayılov, Emin Cəfərov, Nurlana Cəfərova, Püstəxanım Məlikova, Tamerlan Məmmədov, Regina Meftahətdinova və Ramil Rüstəmzadə medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, iyulun 21-də start götürəcək yarış avqustun 4-dək davam edəcək.

Xəbər 1289 dəfə oxundu.