“Hyundai Motorsport”un pilotu ralli üzrə dünya çempionatının səkkizinci mərhələsinin qalibi olub
Polşada ralli üzrə dünya çempionatının mərhələ yarışı keçirilib.

Azərbaycan Avtomobil Federasiyasından bildirilib ki, sayca səkkizinci mərhələdə ilk iki yeri “Hyundai Motorsport” komandasının təmsilçiləri tutub. Təyin olunan marşrutu birinci qət edən Tyerri Nevill 2 saat 40 dəqiqə 46.1 saniyə göstərici ilə mərhələnin qalibi adını qazanıb. Onun komanda yoldaşı Hayden Paddon finişə 2 saat 42 dəqiqə 10 saniyəyə çatmaqla ikinci yerlə kifayətlənib. Dəfələrlə dünya çempionu, “M-Sport” kollektivinin aparıcı pilotu Sebastyen Ojye isə bu dəfə qalibdən 2 dəqiqə 20.8 saniyə geri qalmaqla üçüncü olub.

Səkkiz mərhələdən sonra ümumi nəticəyə liderlik hələ ki, S.Ojyeyə məxsusdur. Fransalı pilotun aktivində 160 xal var. T.Nevill 149 xalla ikinci, finlandiyalı Yari-Matti Latvala 112 xalla üçüncü pillədə qərarlaşıblar.

Ralli üzrə dünya çempionatının doqquzuncu mərhələsi iyulun 27-30-da Finlandiyada təşkil olunacaq.

Xəbər 1015 dəfə oxundu.