Konfederasiyalar Kubokunda Portuqaliya yığması Meksika komandasına qalib gəlib
Rusiyanın ev sahibliyi etdiyi FIFA Konfederasiyalar Kuboku turnirində 3-cü yer uğrunda keçirilən görüşdə Portuqaliya yığması Meksika komandasına qalib gəlib.

Hesab 2-1 Portuqaliya futbolçularının xeyrinə başa çatıb. Görüşün əsas hissəsi 1-1 hesabı ilə bitsə də əlavə vaxtda Adrien Silva penalti zərbəsini uğurla icra edərək qələbə qolunu vurub. Qollardan birinin müəllifi 90-cı dəqiqədə portuqaliyalı Pepe olub, digərini isə portuqaliyalı müdafiəçi Luiş Netu 54-cü dəqiqədə öz komandasının qapısından keçirib.

Görüşdə portuqaliyalı oyunçu Nelson Semedu və meksikalı Raul Ximenes ikinci sarı vərəqə alaraq meydandan çıxarılıblar. Həmçinin Meksika yığmasının baş məşqçisi Xuan Karlos Osorio da hakimlə mübahisəyə görə meydandan uzaqlaşdırılıb.

FIFA Konfederasiyalar Kubokunun qalibi bu gün Bakı vaxtılə saat 22.00-da Sankt-Peterburqda Çili və Almaniya arasında keçiriləcək final qarşılaşmasında müəyyən olunacaq.

Xəbər 559 dəfə oxundu.