Ceki Stüart Bakıdakı insidentdə həm Fetteli, həm də Hemiltonu təqsirli hesab edir
Üçqat Formula-1 çempionu Ceki Stüart Azərbaycan Qran-Prisində Sebastyan Fettelin hərəkətini “böyük səhv” hesab edib. Ancaq onun fikrincə, bu vəziyyətdə Lyuis Hemiltonun hərəkətlərinə də diqqət yetirmək çox vacibdir.

Şotlandiyalı veteranın fikrincə, S.Fettel daha soyuqqanlı olmalı idi. O, rəqibindən intiqam almağa çalışdığına görə birmənalı şəkildə təqsirkardır. Qeyd edək ki, S.Fettelin sözlərinə görə, L.Hemilton kəskin tormoz verməklə, onu buna təhrik edib.

C.Stüart hesab edir ki, Beynəlxalq Avtomobil Federasiyasının hakimləri Hemiltonun hərəkətlərində qəbahətli heç nə tapmasalar da, günahın müəyyən hissəsi ondadır.

C.Stüart “The Flying Lap” proqramında deyib: “Məncə, Fettelin tamamilə haqsız olduğuna şübhə yoxdur. Demək istəyirəm ki, onun məsuliyyətsiz hərəkətləri Lyuislə toqquşmağa gətirib çıxardı.

Bu, qisas almaq istəyi idimi, yoxsa başqa məsələ idi. İstənilən halda bu cür hərəkət nəzakətsizlikdir.

Eyni zamanda, baş vermiş insidentin başqa tərəfi də var və onun bu tərəfi mənim üçün daha vacibdir. Onun ilkin səbəbi budur ki, Lyuis elə məqamda ayağını qaz pedalından qaldırıb, yaxud tormoza toxunub ki, liderin ardınca gedən heç bir pilot buna bənzər hərəkət gözləməyib. Hətta Fettel də dördqat Formula-1 çempionu reaksiyasının olmasına baxmayaraq, Lyuisin maşınını arxadan vurub. O, bunu qəsdən etməyib. Lyuis həmin məqamda sürəti kəskin azaltdığı üçün belə alınıb. halbuki həm Lyuis, həm də onun yerində olan hər hansı digər pilot düz yolda çox böyük sürətlə hərəkət etməli idi, çünki təhlükəsizlik maşını artıq gözdən itmişdi.

Heç şübhəsiz, Fettel bunu provokasiya sayıb və əsəblərini cilovlaya bilməyib.

Bir daha təkrar edirəm ki, Lyuislə toqquşan Sebastyan tamamilə haqsızdır. Hesab edirəm ki, bu, onun böyük səhvi idi”.

Məlum olub ki, C.Süartın karyerasında da buna bənzər hadisə olub. 1972-ci ildə Nürburqrinq trasında onun idarə etdiyi “Tyrrell” bolidi Kley Reqattsoninin idarə etdiyi “Ferrari”nin həmləsinə məruz qalıb. Şotlandiyalı pilot deyib: “Bu hadisələr bir-birinə çox oxşayır. O vaxt onun mənim başıma gətirdiyi oyuna nə karyeramdan əvvəl, nə karyeram boyunca, nə də sonra rast gəldim. O, məni sözün əsl mənasında asfaltın üstündən vurub çıxardı və Armco baryerinə yönəltdi.

Mən düz yürüşün idarə olunduğu qülləyə - hakimlərin yanına yolandım, trasın sahibi knyaz Mettenihlə danışdım. O vaxtlar trasdakı postlarla heç bir əlaqə yox idi. Odur ki, baş vermiş hadisəni heç kim rəsmi şəkildə təsdiq edə bilmədi. Buna görə də hakimlər dedilər: “Biz üzr istəyirik, amma əlimizdən heç nə gəlmir”. Çünki hadisənin şahidi olanların fikrini dinləmək imkanı yox idi”.

Xəbər 923 dəfə oxundu.